Bu tarix təkcə bir millətin faciəsi deyil, həm də yaddaşımıza yazılmış kədərin və qürurun günüdür.
Azərbaycanın igid oğlu, Milli Qəhrəman Polkovnik-leytenant Murad Mirzəyev də bu ağır və müqəddəs gündə – 31 mart tarixində doğulmuşdu. O, öz doğum gününü heç vaxt qeyd etmədi. Çünki bu günü sevinc deyil, xalqının ağrısı kimi qəbul edirdi. O bilirdi ki, millətin yarası sağalmadan şəxsi sevinc yaşamaq olmaz.
Murad Mirzəyev Vətənə, xalqa və torpağa sədaqətin canlı nümunəsi idi. Onun həyatı da, ölümü də bir amalın – Azərbaycan naminə yaşamağın və canından keçməyin simvoluna çevrildi. O, yalnız döyüş meydanında deyil, ruhu ilə də xalqının yanında oldu.
31 mart günü o, şənlik deyil, şəhidlərin ruhuna ehtiram göstərər, başını əyər, qəlbən dua edərdi. Bu davranışı ilə o, bir daha sübut edirdi ki, əsl qəhrəman yalnız silahla deyil, vicdanı və yaddaşı ilə də millətinə xidmət edir.
Bu gün Murad Mirzəyevin adı Azərbaycan tarixində şərəf və qəhrəmanlıq rəmzi kimi yaşayır. Onun ömür yolu gələcək nəsillərə Vətən sevgisinin, milli qürurun və əsl insanlıq nümunəsinin dərsidir.
Ruhu şad olsun!

MUASİRMEDİA.AZ
