Emin İmran oğlu Bağırov 15 iyul 1996-cı ildə Bakı şəhərinin Binəqədi rayonunda dünyaya göz açmış, qısa ömrünə böyük bir Vətən sevgisi və şərəfli bir yol sığdırmış igid Azərbaycan oğullarından biridir.
Uşaqlıq illərindən etibarən cəsarəti, iradəsi və güclü xarakteri ilə seçilən Emin idmana xüsusi maraq göstərmiş, kikboks, cüdo, sambo, güləş, uşu-sanda və boks kimi döyüş növləri ilə məşğul olaraq bir çox yarışlarda uğurlar qazanmışdır.
Uşaqlıq illərindən etibarən cəsarəti, iradəsi və güclü xarakteri ilə seçilən Emin idmana xüsusi maraq göstərmiş, kikboks, cüdo, sambo, güləş, uşu-sanda və boks kimi döyüş növləri ilə məşğul olaraq bir çox yarışlarda uğurlar qazanmışdır.
2014-cü ildə Bakı şəhərində yerləşən 182 nömrəli tam orta məktəbi bitirdikdən sonra, Vətən qarşısında borcunu şərəflə yerinə yetirmək üçün elə həmin ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət dövründə yüksək intizamı, fiziki hazırlığı və vətənpərvərliyi ilə seçilərək xüsusi hazırlıq mərhələlərini uğurla keçmiş və Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) sıralarına qəbul olunmuşdur. Bu addım onun həyatında ən şərəfli və məsuliyyətli mərhələnin başlanğıcı olmuşdur.
Emin Bağırov 2016-cı ilin Aprel döyüşləri zamanı ön cəbhədə iştirak etmiş, Talış istiqamətində gedən ağır əməliyyatlarda Vətən torpaqlarının müdafiəsi uğrunda mərdlik və qəhrəmanlıqla döyüşmüşdür. O, ən çətin anlarda belə geri çəkilməyərək son nəfəsinə qədər mübarizə aparmış və 19 yaşında qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Emin Bağırov Vətən uğrunda canını fəda edən ən gənc xüsusi təyinatlılardan biri kimi Azərbaycan tarixində əbədi iz buraxmışdır. Onun qısa, lakin şərəfli ömrü bu gün də gənclərə vətənpərvərlik, fədakarlıq və qəhrəmanlıq nümunəsi kimi göstərilir.
Şəhidimiz ölümündən sonra göstərdiyi igidliyə görə dövlət tərəfindən medallarla təltif olunmuş, xatirəsi isə xalq tərəfindən daim hörmət və ehtiramla yad edilir.

