Heydər Əliyev və SSRİ daxili işlər naziri Nikolay Şelokov Azərbaycan daxili işlər naziri Arif Heydərovun dəfnində iştirak edirdilər. Arif Heydərovun 1978-ci ilin yayında qətlə yetirilməsi o dövrün ən səs-küylü hadisələrindən biri olmuşdu.
Arif Nəzər oğlu Heydərov 1926-cı il iyunun 28-də Ağdaş şəhərində anadan olub. Əslən Qubadlının Gürcülü kəndindən olan ailəsi Ağdaşda yaşadığı üçün atası Nəzər Heydərov burada işləyirdi. Daha sonra Bakıya təyinat alır və Arif də məhz burada böyüyür. Nəzər Heydərov 1949-1954-cü illərdə Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsini icra edib. Lakin Stalinin ölümündən sonra Mircəfər Bağırovun bütün yaxın ətrafı kimi o da vəzifəsini itirib.
Arif Heydərov əmək fəaliyyətinə 1942-ci ildə neft mədənində çilingər kimi başlayıb. Bir il sonra Moskvaya göndərilərək kəşfiyyat məktəbində təhsil alıb. 1944-cü ildə oranı bitirdikdən sonra kəşfiyyatçı zabit kimi İkinci Dünya Müharibəsində iştirak edib. Müharibədən sonrakı iki il ərzində isə Şərqi Almaniyada və Polşada operativ xidmət aparıb.
1947-ci ildə Azərbaycana qayıdan Arif Heydərov təhlükəsizlik nazirliyində işləməyə başlayıb. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində qiyabi təhsil alıb. Məhz burada Heydər Əliyevlə tanış olaraq yaxın dost olmuş, bu dostluq sonradan onun daxili işlər naziri təyin olunmasında mühüm rol oynamışdı.
1967-1970-ci illərdə Arif Heydərov Türkiyədə SSRİ-nin konsulu vəzifəsində çalışıb. Əslində isə o, sovet kəşfiyyatının həmin ölkədəki rezidenti idi.
1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi təyin olunduqdan bir il sonra köhnə dostunu və KQB həmkarını Bakıya gətirərək daxili işlər naziri vəzifəsinə təyin edir.
1978-ci il iyunun 29-da, 52 yaşının tamam olmasından bir gün sonra general-leytenant Arif Heydərov öz kabinetində müavini, Sovet İttifaqı Qəhrəmanı general-mayor Səlahəddin Kazımovla birlikdə qətlə yetirilir.
Qatil Ziya Muradov Şuşa həbsxanasının zabiti idi. O zaman həbsxanalar DİN-in tabeliyində olduğundan o, xidməti səbəbdən həbsxananın klubunda qalır, buna görə də ailəsindən ayrı düşmüşdü. Dəfələrlə nazirliyə müraciət edərək mənzillə təmin olunmasını və ya başqa şəhərə köçürülməsini xahiş etmişdi. Lakin bu xahişləri cavabsız qalmışdı. O vaxt yayılan söz-söhbətlərə görə, nazir müavini Səlahəddin Kazımov süründürməçiliyə yol verir, hətta rüşvət tələb edirmiş. Ziya Muradovun da əsas narazılığı məhz ondan idi.
Hər şeydən bezən və psixoloji gərginlik keçirən Muradov 1978-ci il iyunun 29-da xidməti silahını götürərək nazirliyə gəlir. Burada Səlahəddin Kazımovun nazirin kabinetində müşavirə keçirdiyini öyrənib ora gedir. Qəbul otağında nazirin köməkçisi polkovnik Əziz Səfixanovu qətlə yetirib kabinetə daxil olur. Əvvəlcə Səlahəddin Kazımovu güllələyir. Ehtimal olunur ki, əslində Arif Heydərova atəş açmaq niyyəti yox idi. Lakin onun stolun gözündən silah çıxarmağa çalışdığını görəndə onu da vurur. Kabinetdə olan digər şəxslərə toxunmadan, Muradov sonradan silahı öz ağzına dirəyib atəş açaraq intihar edir.
Həmin ilin sentyabrında sovet lideri Leonid Brejnev Bakıya gələcəkdi. İki generalın – nazir və nazir müavininin qətli böyük rezonans doğurur, xarici radiostansiyalar bu barədə geniş materiallar yayımlayır. Lakin aparılan istintaq cinayətin arxasında hər hansı siyasi motivin olmadığını, səbəbin adi süründürməçilikdən və şəxsi narazılıqdan qaynaqlandığını müəyyənləşdirir.
Məlumatı ictimailəşdirdi:
MUASİRMEDİA.AZ
Yadigar Sadıqlı.
Yadigar Sadıqlı.