Dağların qoynunda yerləşən Yardımlının maarif tarixini vərəqlədikcə, qarşıya elə insanlar çıxır ki, onların ömür yolu bir məktəbin, bir kəndin, hətta bütöv bir nəslin yaddaşına çevrilir.
Belə ziyalılardan biri də ömrünün yarım əsrdən çoxunu elmə, təhsilə və insan yetişdirməyə həsr etmiş ali kateqoriyalı müəllimə Babayeva Qayda Nəzərxan qızıdır. Onun ömür yolu müəllim əməyinin səssiz qəhrəmanlığını özündə yaşadır. Qayda müəllimənin zəhməti yalnız keçdiyi dərslərlə ölçülmür; o, illər boyu yetişdirdiyi insanların həyatında, qazandırdığı dəyərlərdə və Yardımlının maarif tarixində silinməz izlər qoyub.
Belə ziyalılardan biri də ömrünün yarım əsrdən çoxunu elmə, təhsilə və insan yetişdirməyə həsr etmiş ali kateqoriyalı müəllimə Babayeva Qayda Nəzərxan qızıdır. Onun ömür yolu müəllim əməyinin səssiz qəhrəmanlığını özündə yaşadır. Qayda müəllimənin zəhməti yalnız keçdiyi dərslərlə ölçülmür; o, illər boyu yetişdirdiyi insanların həyatında, qazandırdığı dəyərlərdə və Yardımlının maarif tarixində silinməz izlər qoyub.
Qayda müəllimə 1930-cu ildə Yardımlı rayonunun Təzəkənd kəndində dünyaya göz açıb. O illər ölkənin ən çətin dövrləri idi. Müharibənin ağır yükü insanların çiyinlərinə çöksə də, elmə və təhsilə olan inam sarsılmırdı. Məhz həmin çətin illərdə gənc Qayda öz həyat yolunu seçdi-müəllimlik yolunu.
M.F.Axundov adına Yardımlı orta məktəbində təhsil alarkən, hələ IX sinif şagirdi ikən müəllimlik fəaliyyətinə başlaması onun bu peşəyə nə qədər bağlı olduğunu göstərirdi. Rəfiqəsi Naciyə Rəhimova ilə birlikdə kənd uşaqlarına dərs deyən bu iki gənc qız sonralar rayonun maarif tarixində öz izlərini qoydular. 1945-ci ildə orta məktəbi bitirdikdən sonra da müəllimlikdən ayrılmadılar, əksinə, bu müqəddəs peşəyə daha möhkəm bağlandılar.
Qayda müəllimə Yardımlının ali təhsil alan ilk qadınlarından biri kimi də tarixə düşüb. O, 1952-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsinə daxil olub, 1957-ci ildə Azərbaycan dili və Ədəbiyyat fakültəsini uğurla başa vurub. Təhsilini tamamladıqdan sonra yenə məktəbə, yenə şagirdlərinin yanına qayıdıb. İlk əmək fəaliyyətinə başladığı məktəbdə düz 54 il fasiləsiz çalışması onun peşəsinə sədaqətinin ən parlaq nümunəsidir.
Onun adı və fəaliyyəti zamanla məktəb hüdudlarını aşaraq Yardımlının maarif tarixinin ayrılmaz bir parçasına çevrilib. Müxtəlif illərdə rayon mətbuatında Qayda müəllimə haqqında dərc olunan yazılar onun cəmiyyət arasında qazandığı nüfuzun göstəricisi olub. Hamının hörmətini qazanan bu fədakar pedaqoq haqqında yazılan hər sətirdə ona olan sevgi və ehtiram hiss olunur.
1995-ci ildə Qayda müəllimənin 65 illik yubileyi rayon ictimaiyyəti tərəfindən böyük ehtiramla qeyd olunub. “Zirvə” qəzetində onun həyat və fəaliyyətinə həsr olunmuş geniş oçerkin dərc edilməsi də bu hörmətin ifadəsi idi.
Təhsil sahəsindəki xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, “Maarif əlaçısı” fəxri adına layiq görülüb, “Şərəf nişanı” ordeni, “Əməkdə fərqlənməyə görə”, “Əmək igidliyinə görə” və “Əmək veteranı” medalları ilə təltif edilib. Azərbaycan müəllimlərinin VII qurultayının nümayəndəsi seçilməsi isə onun peşəkar nüfuzunun daha bir göstəricisi olub.
Qayda müəllimənin ömür yolu təkcə onun özü ilə məhdudlaşmayıb. Qızı Leyla da anasının yolunu davam etdirərək müəllimlik peşəsini seçib. Beləcə, ailədə maarifçilik ənənəsi bir nəsildən digərinə ötürülüb.
Bu gün Qayda müəllimənin yetirmələri sırasında alimlər, elmlər doktorları, professorlar və cəmiyyətin müxtəlif sahələrində söz sahibi olan ziyalılar yer alır. Onların qazandığı hər uğurda müəllimlərinin zəhmətinin izi, öyrətdiyi biliklərin nuru və aşıladığı mənəvi dəyərlərin nəfəsi duyulur. Şagirdləri isə Qayda müəlliməni illər keçsə də, qəlblərində böyük sevgi və ehtiramla yaşadırlar.
Səmimiyyəti, təvazökarlığı, insanlara sevgisi və xeyirxahlığı ilə seçilən Qayda xanım Yardımlının yaddaşlarda yaşayan ziyalı simalarındandır. O, yalnız bilik öyrədən müəllim deyil, həm də insanlara yol göstərən, ümid verən, nəsillərin mənəvi dünyasının formalaşmasına töhfə verən bir ömür sahibi olub. Aradan illər keçsə də, onun adı yetirmələrinin, həmkarlarının və onu tanıyanların xatirələrində böyük ehtiramla yaşayır. Elə buna görə də Qayda müəllimə bu gün də Yardımlıda bir adla xatırlanır- “müəllimlər müəllimi”.
Şair Emil Məmməd “Müəllim ömrü” şeirini Qayda müəllimə həsr edib. Qeyd edək ki, bu şeir 1996-cı ildə “Zirvə” qəzetində dərc edilmişdir:
Müəllim ömrü
Ömrü ömürlərə çalanıb gedən,
Vətənçün, millətçün qalanıb gedən,
Şam tək zərrə-zərrə talanıb gedən
Müəllim ömrüdü, müəllim ömrü.
El-oba içində uzağı gözən,
Ürəkdən keçəni baxışdan sezən.
Çətinə, əzaba mərdliklə dözən
Müəllim ömrüdü, müəllim ömrü.
Hamıya pay düşüb od nəfəsindən,
Nəsillər nur alıb kül çöhrəsindən,
Dahilər çıxıbdı onun dərsindən,
Gün kimi, Ay kimi guruba enən,
Ömrü ömürlərə çalanıb gedən
Müəllim ömrüdü, müəllim ömrü.
