Dekabrın 19-da Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, “Tamstore” Marketlər Şəbəkəsinin baş sponsorluğu, “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümünün rəsmi açılış və püşkatma mərasimi keçirilib.
Mərasimdə turnirdə iştirak edən dövlət qurumlarının, şirkətlərin, eləcə də futbol ictimaiyyətinin nümayəndələri, QDF-in tərəfdaşları, futbol veteranları və media nümayəndələri iştirak ediblər.
İlk olaraq “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ilk mövsümünün final oyunu və mükafatlandırılma mərasimindən hazırlanmış videoçarx tədbir iştirakçılarına nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev turnirin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən “Avrora Qrup” şirkətinin prezidenti, “Tamstore” Marketlər Şəbəkəsinin təsisçisi Ceyhun Abbasov turnirin ictimai və sosial əhəmiyyətindən danışıb.
Çıxışlardan sonra “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsində turnirdə çıxış edən 40 komanda hər birində 10 komanda olmaqla 4 qrupa bölünüb.
Məlumat üçün bildirək ki, Qarabağ Dirçəliş Fonduna turnirin baş sponsoru və iştirak edən komandalar tərəfindən ümumilikdə 115.000 manat vəsait ianə edilib.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, turnirin keçirilməsindən əldə olunan vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək. Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.





MUASİRMEDİA.AZ
