Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində “Məzun Günü – 2026” tədbiri keçirilib.
Tədbirdə kollecin rəhbərliyi, müəllim heyəti, tələbələr, məzunlar, şəhid anaları, valideynlər, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva məzunları təbrik edərək onların qazandıqları bilik və bacarıqların gələcək həyatlarında mühüm rol oynayacağını vurğulayıb. O, çıxışında dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, qazilərimizə sağlamlıq arzulayıb. Direktor qeyd edib ki, bugünkü azad və qalib Azərbaycanın gəncləri ölkəmizin mədəniyyətini, incəsənətini və milli-mənəvi dəyərlərini layiqincə təmsil etməlidirlər.
Səbinə Mehdiyeva müəllim heyətinin zəhmətini xüsusi qeyd edərək onların bilik və fədakarlıqlarının tələbələrin uğurlarının əsasını təşkil etdiyini bildirib, valideynlərə övladlarının təhsilinə göstərdikləri dəstəyə görə təşəkkürünü ifadə edib. O, məzunlara gələcək həyat yollarında uğurlar arzulayaraq, onların Azərbaycan mədəniyyətinin inkişafına töhfə verəcək peşəkar mütəxəssislər kimi formalaşacaqlarına əminliyini bildirib.
Tədbirdə şəhid Səbuhi Həsənquliyevin anası Mayisə Hüseynquliyeva çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb. O, eyni zamanda sözləri özünə məxsus olan “Qəhrəman marşı” əsərini ilk dəfə səsləndirərək Sumqayıt Musiqi Kollecinə hədiyyə edib. Bu mənalı və duyğulu təqdimat iştirakçılar tərəfindən böyük ehtiram və alqışlarla qarşılanıb.
Tədbir zamanı bu il 60 illik yubileyini qeyd edən Sumqayıt Musiqi Kollecinin zəngin ənənələri, ölkənin musiqi təhsilinin inkişafına verdiyi töhfələr və yetişdirdiyi sənətkarlar xüsusi vurğulanıb.
Tədbirin sonunda kollecin inkişafında və fəaliyyətində xüsusi əməyi olan rəhbər heyətə müəllim və əməkdaşların imzaları ilə hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.
Daha sonra təhsil, yaradıcılıq və ictimai fəaliyyətlərdə fərqlənən müəllim və tələbələr təltifnamələrlə mükafatlandırılıblar.
Tədbir kollecin müəllim və tələbələrinin təqdim etdiyi rəngarəng konsert proqramı ilə davam edib. Musiqi nömrələri iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Səmimi və bayram əhvali-ruhiyyəsində keçən “Məzun Günü – 2026” tədbiri məzunların həyatında yeni bir mərhələnin başlanğıcı kimi yadda qalıb.





MM.AZ
