İmam Hüseyn (ə) 1400 il bundan əvvəl dünyada əbədi, ideoloji və nəhəng bir cəbhə yaratdı.

DIN
Bu gün səhər Aşurada iştirak etmək üçün Yasamala gedirdim. Tanışlardan biri ilə rastlaşdım, hara getdiyimi biləndə məzəmmətə başladı: “Samir, sən elm adamısan, çox oxumusan, otur təhlil elə, özün də analitika ilə məşğulsan, səni də çox adam oxuyur, dinləyir, uzaq ol belə şeylərdən..”. Bu tip boş sözlər, hay-huy və s. Mən də ondan hara getdiyini soruşdum, dedi: “İsa Həbibbəyli haqqında elmi məqaləmi redaktəyə aparıram”.
Tfu, lənətə gəlmiş adam, qanına qəltan edilmiş idrak, təhqir olunmuş əxlaq, alçaldılmış ləyaqət! Mən İmam Hüseynə tərəf gedirdim, bu İsa Həbibbəyliyə tərəf!
Allah hər il Aşura günü qarşıma bu cür çiy adam çıxarır və düz yolda olduğum şapalaq kimi üzümə dəyir, təsdiq alıram.
İmam Hüseyn (ə) 1400 il bundan əvvəl dünyada əbədi, ideoloji və nəhəng bir cəbhə yaratdı. Nə ondan əvvəl, nə də ondan sonra ikinci belə bir cəbhə yaranmayıb. Bu cəbhə heç bir millətə, irqə məxsus deyil – İlahidən aşağı, bəşərdən üstün bir cəbhə! İmam Hüseyn (ə)-ın verdiyi mesajlar, qoyduğu irs nəhəng alqoritmlər sistemidir – burada təkcə ağlı idrakın mənşəyi hesab edən çoxqaltlı sistem mövcud deyil, həm də qanunlar, qərarlar toplusu, əxlaq kodeksi, şüur və təhtəlşüurun müharibələri, rasional srategiya yer alır.
Ağlında “komando məntəqəsi”nin olmadığı insanlar bu sistemi qətiyyətə rədd etməyə məhkumdur.
2026-cı ildir və ağıllı adamlar başa düşürlər ki, İmam (ə) hələ də bizdən 1400 il qabaqdadır. Biz hansı sürətlə qaçsaq da, o, bizdən işıqsürəti ilə daha qarşıda qərarlaşır. Heç bir elm, ədəbiyyat, fəlsəfə bəşəriyyəti 1400 qabaqlayan texnologiya, ideologiya və nəzəriyyə yarada bilməyib.
Söz verirəm, nə zaman dünyanın bütün küçələrində ədalət qalib gələcək, hamı bəşəri ləyaqət uğrunda ölməyə hazır olacaq, insanlar heç bir halda zülmə boyun əyməyəcəklər, onlar haqlarına sahib çıxacaqlar, o zaman mən də Aşura məclislərində iştirak etməyəcəm. Amma əminəm, bütün bunların heç biri olmayacaq.
Kərbəla davam edir..
.MUASİRMEDİA.AZ
Samir Feyruzov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir