“Qərb mənimlə ərəb olduğum üçün mübarizə apardı,
ərəblər isə qadın olduğuma görə.” — Zaha Hadid
ərəblər isə qadın olduğuma görə.” — Zaha Hadid
1950-ci il oktyabrın 31-də Bağdadda anadan olan Zaha Hadid XX və XXI əsrin ən nüfuzlu memarlarından biri hesab olunur. İraq əsilli britaniyalı memar olan Hadid riyaziyyat təhsilini Beyrutdakı Amerika Universitetində aldıqdan sonra Londonda Arxitektura Assosiasiyası Məktəbində (Architectural Association School of Architecture) memarlıq təhsili alıb. Təhsilini başa vurduqdan sonra həmin məktəbdə müəllim kimi fəaliyyət göstərib.
1980-ci ildə Londonda Zaha Hadid Architects memarlıq bürosunu təsis edən Hadid uzun illər kağız üzərində qalan cəsarətli ideyalarını zamanla dünyanın ən möhtəşəm tikililərinə çevirməyi bacardı. O, dekonstruktivizm cərəyanının aparıcı nümayəndələrindən biri kimi qəbul edilir və axıcı, dinamik formaları ilə müasir memarlığa yeni nəfəs gətirib.
Onun müəllifi olduğu məşhur layihələr sırasında Almaniyadakı Vitra Yanğın Stansiyası, ABŞ-dakı Cincinnati Müasir İncəsənət Mərkəzi, İtaliyadakı MAXXI – XXI Əsr İncəsənəti Milli Muzeyi, Çində Guangzhou Opera Evi, Londonda London Su İdmanları Mərkəzi, Cənubi Koreyadakı Dongdaemun Design Plaza və Azərbaycandakı Heydər Əliyev Mərkəzi xüsusi yer tutur.
Zaha Hadid hələ 1983-cü ildə Honkonq üçün hazırladığı The Peak Leisure Club layihəsi ilə beynəlxalq memarlıq müsabiqəsinin qalibi olmuşdu. Layihə həyata keçirilməsə də, bu uğur onun dünya memarlığında tanınmasına böyük təkan verdi.
2004-cü ildə Zaha Hadid memarlıq sahəsində ən nüfuzlu mükafatlardan biri sayılan Pritzker Memarlıq Mükafatını qazanan ilk qadın oldu. Sonrakı illərdə o, Böyük Britaniyanın ən ali dövlət təltiflərindən biri olan Dame Commander of the Order of the British Empire (DBE) adına layiq görüldü, 2016-cı ildə isə nüfuzlu Royal Gold Medal mükafatını alan ilk qadın memar kimi tarixə düşdü.
Onun yaradıcılığı təkcə layihələri ilə deyil, həm də memarlıq düşüncəsinə gətirdiyi yeniliklərlə seçilir. Zaha Hadid Harvard, Yale, Kolumbiya və Vyana Tətbiqi İncəsənət Universiteti də daxil olmaqla dünyanın aparıcı ali təhsil müəssisələrində dərs deyib, Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının fəxri üzvü seçilib.
Bakıda yerləşən Heydər Əliyev Mərkəzi Zaha Hadidin ən məşhur əsərlərindən biridir. Binanın dalğavari forması və innovativ memarlıq həlli dünya miqyasında böyük maraq doğurub. 2014-cü ildə bu layihə Londonun Dizayn Muzeyi tərəfindən “İlin Dizaynı” (Design of the Year) mükafatına layiq görülərək bu mükafatı qazanan ilk memarlıq əsəri oldu.
Zaha Hadid Azərbaycan Memarlar İttifaqının Fəxri üzvü seçilmiş, akademik Mikayıl Hüseynov adına medalla təltif edilmişdi.
Dünya şöhrətli memar 31 mart 2016-cı ildə ABŞ-ın Mayami şəhərində bronxit səbəbindən müalicə aldığı xəstəxanada ürək tutmasından vəfat edib. 65 illik ömrünə baxmayaraq, Zaha Hadid memarlıq tarixində silinməz iz qoydu. Onun cəsarətli baxışları, stereotipləri sındıran yaradıcılığı və gələcəyə yönəlmiş memarlıq fəlsəfəsi bu gün də dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla insanı ilhamlandırmağa davam edir.
MUASİRMEDİA.AZ
