Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
Aprelin 23-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində nazir Adil Kərimlinin iştirakı ilə ölkəmizdə sənət tənqidinin vəziyyətinə həsr olunan ictimai müzakirə keçirilib.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə, tanınmış sənətşünas alim və tədqiqatçılar iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, sənət tənqidi mədəniyyət sahəsinin yalnız müşahidəçisi deyil, onun keyfiyyətini formalaşdıran əsas intellektual mexanizmlərdən biridir. Bu baxımdan, tənqidin yoxluğu və ardıcıl olmaması ümumi yaradıcı mühitə birbaşa təsir göstərir.
Müzakirələr zamanı teatr, kino, musiqi və təsviri sənət sahələri üzrə tənqidin mövcud vəziyyəti barədə ayrı-ayrı mütəxəssislər öz fikirlərini bölüşüblər. Bildirilib ki, müstəqil ekspert mühitinin məhdudluğu, peşəkar elmi-nəzəri yanaşmaların zəif tətbiqi bu günün əsas çağırışlarıdır. İstənilən yaradıcılıq sahəsinə peşəkar və obyektiv tənqidi münasibət olmayanda inkişaf təsadüfi xarakter daşıyır, keyfiyyət istənilən səviyyədə formalaşmır.
muasirmedia.az
