– 1974-cü ildə isə Abbas Səhhətin 100 illik yubileyi keçirilib

ƏDƏBİYYAT
Şair, müəllim, həkim, maarif xadimi, uşaq yazıçısı, tərcüməçi Abbas Səhhət (tam adı Mirzə Abbasqulu Mehdizadə) 24 may (6 iyun) 1874-cü ildə Şamaxının Sarıtorpaq məhəlləsində, ruhani ailəsində anadan olub.
– İlk təhsilini atasının açdığı məhəllə mollaxanasında alıb. Burada onun ilk müəllimi Tacir Hacı Cabbar Sabit olur. Onun məsləhəti ilə Abbas ruhanı təhsili almaq üçün Məşhədə gedir və bir müddət Mirzə Cəfər mədrəsəsində oxuyur. Atasının arzusuna rəğmən, ruhani olmaq istəmədiyi üçün təhsilini Tehranda tibb üzrə davam etdirmək qərarına gəlir.
– Bu universitetə girməzdən öncə 10 ay fransız missionerlərinin məktəbində oxuyaraq orada fransız dilini öyrənir. 1894–1900-cu illərdə Tehranın “Mədrəseyi-Nizamiyyeyi-Nasiriyyə” adlanan universitetinin tibb fakültəsində ali təhsil alır və oranı göz həkimi ixtisası ilə bitirir.
Tehranda tibb fakültəsinin klinikasında təcrübə keçən Abbas Səhhət, müalicə üçün Parisə gedən Hülaku nəslindən olan bir xana müşayiətçi həkim kimi qoşularaq Fransaya yollanır. Orada olduğu bir il ərzində həm xana xidmət edir, həm də Paris xəstəxanalarında təcrübə keçir.
1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət, İranda aldığı diplomun Rusiyada həkimlik etmək üçün rəsmi hüquq verməməsinə rəğmən, həkimlik fəaliyyəti ilə məşğul olur. Bir müddət sonra “həkim Abbasqulu” adı ilə məşhurlaşır və buna görə özünə “Səhhət” təxəllüsünü götürür.
1904-cü ildə “Şərqi-Rus” qəzetində ilk şeiri çap olunur. O, həmçinin müəllimlik etməyə başlayır. 1906-cı ildən Şamaxı Realnı məktəbində türk dili müəllimi təyin edilir və 1918-ci ilə — Şamaxı ermənilər tərəfindən dağıdılana qədər burada çalışır.
“Siz həkim olduğunuz halda nə üçün müəllimlik edirsiniz?” sualına Səhhət: “Mən müəllimlik etməklə xalqımın ən ağır xəstəliyini — savadsızlığını müalicə edirəm” deyə cavab vermişdi.
📌 Səhhət yeni məktəblərin yaranması, siniflərin sayca artırılması, tədris haqlarının azaldılması, kitabxana və qiraətxanaların açılması üçün çalışır. 1907-ci ildə Şamaxı qiraətxanasının açılışında fəal iştirak edir. Qiraətxananın açılışında Səhhət məruzə edir, xalq şairi Mirzə Ələkbər Sabir isə açılışa həsr etdiyi “Elm” adlı şeirini oxuyur.
O, həmçinin kasıb şagirdlərə maddi kömək göstərmək məqsədilə teatr tamaşalarına rejissorluq edir. 1908-ci ildə Şamaxıda Nəcəf bəy Vəzirovun “Adı var, özü yox” komediyasını tamaşaya qoyur.
Abbas Səhhət Mirzə Ələkbər Sabirlə çox yaxın dost idi. Sabir çox vaxt şeirlərini Səhhətin evində yazardı. Sabir onun haqqında belə deyirdi: “Başda o böyükdür, yaşda mən. Mən onun şagirdiyəm, o mənə ustaddır”. Sabir ağır xəstə olarkən Abbas Səhhət onu şəxsən müalicə edir və günlərini onun yanında keçirir.
Sabir öləndən sonra onun dəfnini məhz Səhhət təşkil edir və 1911-ci ildə onun haqqında ilk məqaləni yazır. Səhhət Sabirin son vəsiyyətini də yerinə yetirərək, 1912-ci ildə onun şeirlərini Sabirin həyat yoldaşı Büllurnisə xanım və müəllim Mahmud bəy Mahmudbəyovun köməkliyi ilə “Hophopnamə” adı ilə nəşr etdirir. Bu kitabda verilən Sabirin tərcümeyi-halının müəllifi də Abbas Səhhət idi. Bununla o, Sabirin ilk bioqrafı olur.
Abbas Səhhət Mahmud bəy Mahmudbəyovla birlikdə 1909-cu ildə “Yeni məktəb” (burada onun dillər əzbəri olan “Vətənim” şeiri işıq üzü görüb), 1914-cü ildə isə “Türk ədəbiyyatına ilk qədəm” dərsliklərini nəşr etdirib.
Səhhət kiçik yaşlı uşaqlar üçün yazdığı şeir, pyeslərində mənəvi saflıq, vətənpərvərlik duyğularını təbliğ edib.
– Abbas Səhhət Cənubi Azərbaycanda milli azadlıq hərəkatını təsvir edən “Əhmədin qeyrəti” (1911) adlı poemanın müəllifidir. 1912-ci ildə onun həmçinin “Sınıq saz”, “Neft fontanı”, “Yoxsulluq eyib deyil” kitabları çap olunub.
Fransız, rus, ərəb və fars dillərini mükəmməl bilirdi. O, İ.A. Krılov, A.S. Puşkin, M.Y. Lermontov, Viktor Hüqo, A. Sereteli, N. Barataşvili, M. Qorki və T. Şevçenkonun əsərlərini ana dilimizə çevirmişdi. Əsas tərcümələri “Məğrib günəşləri” (1912-ci il) adlı kitabda nəşr olunub. Onun “Volqa səyahəti”, “Əli və Aişə”, “Səyavuş” romanları isə günümüzə qədər gəlib çatmayıb.
1917-ci ildə “İsmailiyyə”də yaradılan “Mühərrirlər və Ədiblər Cəmiyyəti”nin təsisçilərindən biri də Abbas Səhhət olub. M.Ə. Rəsulzadə və H. Cavid kimi ədiblərin də təmsil olunduğu qurumun nəşr etdiyi “Qardaş köməyi” məcmuəsində şairin “Təxliyyə” şeiri və “Qaragünlü Həlimə” hekayəsi dərc edilib. O, həmçinin Şamaxı şairlər məclisinin rəhbərlərindən biri idi.
1918-ci ildə Şamaxıda ermənilər azərbaycanlılara qarşı qırğınlara başlayanda Abbas Səhhət evini tərk etməyə məcbur olur. O, heç bir əlyazmasını, son illər çap etdiyi kitablarını özü ilə aparmağa imkan tapmır.
Çap olunmamış əsərlərini Şamaxıda qoyub çıxdığı üçün Səhhət çox peşman və narahat imiş. O deyirmiş ki, mən ancaq son əsərlərimlə xalqıma əsl xidmət göstərə biləcək, adımı həmişəlik əbədiləşdirəcəkdim. Buna görə də yolların təhlükəli olmasına baxmayaraq, oğulluğu Böyükağanı həmin əlyazmaları gətirmək üçün Şamaxıya göndərir. Lakin Böyükağa şəhərin yaxınlığına qədər getsə də, erməni dəstələrinin əlindən şəhərə daxil ola bilməyib geri qayıdır.
Abbas Səhhət atası, anası, qardaşı və ailəsi ilə birlikdə Şamaxıdan piyada Sabirabada gedir. Səhhət tamamilə taqətdən düşmüş, gözləri tutulan səksən yaşlı atası Əlabbası arxasında aparmalı, səkkiz yaşlı qızı Ruqiyyə Soltanı qucağına almalı olurdu. Onlar yolda min bir məhrumiyyətə və quldurların hücumuna məruz qalırlar. Beləcə Abbas Səhhət Sabirabada xəstə vəziyyətdə çatır.
Ə. Əminzadə xatirələrində qeyd edir ki, artıq xəstə olan Abbas Səhhət ona bunları demişdi: “Yolda bizi iki yerdə soydular. Hətta ikincisində məni döydülər. Ölmə-diril Qalağayına (Sabirabad) çatdıq. Orada dolanmaq çox çətin oldu. Qara arpa çörəyini doyunca yeyə bilməmişik. Özüm də belə azarladım”.
 İki aya yaxın Sabirabadda qaldıqdan sonra iyun ayının əvvəllərində Səhhət Gəncəyə köçməyə qərar verir. Lakin Gəncəyə gələndən sonra vəziyyəti daha da pisləşir və gəldiyi gündən yatağa düşür.
-Əminzadə onun son günlərini belə təsvir edir:
“Dörd-beş gündən sonra Gəncǝyǝ getdim. Orada axtarıb Səhhətgili tapdım. Səhhəti nə gördüm!.. Rəngi saralıb, özü arıqlayıb. Danışdırdım, özünü çaşdırır. Xasiyyəti gözəl, sevimli vücud tamam dəyişib, o gözəl nitq özün çaşdırır. Vəlhasil, tamam facianə bir halda. İki gün Səhhətin anında qaldım. Sonra Ağdaşa qayıtdım”.
-Səhbət son günlərini Gəncənin Cavad xan və Sabir küçələrinin kəsişməsində yerləşən evdə yaşayıb. (Həmin binaya xatirə lövhəsi vurulub) 40 günə yaxın yataqda qalan Səhhət iyul ayında yatalaq xəstəliyindən vəfat edir. Şair Gəncənin “Səbizkar” qəbiristanlığında dəfn olunur.
Səhhətin ölüm xəbərini ictimaiyyətə ilk olaraq tənqidçi Hüseyn Minasazov çatdırır. İkinci nekroloqun müəllifi isə şair Məhəmməd Hadi olur.
Dəfnə israrla gələn gözləri tutulmuş atası elə bu qəbiristanlıqda çuxurların birinə düşərək vəfat edir. 1918-ci ilin payızında Abbas Səhhətin ailəsi Şamaxıya qayıdır, amma bütün ailə (Abbas Səhhətin qardaşı, anası, həyat yoldaşı, qızı) yatalaq xəstəliyinə tutularaq bir neçə gün içərisində faciəvi şəkildə dünyasını dəyişir.
1918-ci il noyabrın 12-də nəşr olunan “Qardaş Qayğısı” qəzetində Abbas Səhhət mart soyqırımının qurbanı kimi qeyd edilir.
“İslam aləmi Abbas Səhhət kimi böyük bir ədibi bu (erməni)bandalara qurban vermişdir. Bununla böylə neçə doxturlar cavan-qoca alimlər qətl olunmuşlar”.
Şairin məzarı 1947-ci ildə Gəncənin Pioner küçəsindəki Sahil bağına köçürülüb və üzərində büstü qoyulub.
-Buna baxmayaraq Abbas Səhhətin dəqiq dəfn yeri hələ də mübahisəli olaraq qalır. Mərhum alim Samir Pişnamazzadənin sözlərinə görə, şairin məzarı Gəncədəki Xan bağında yerləşir.
1974-cü ildə isə Abbas Səhhətin 100 illik yubileyi keçirilib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir