Çiy toyuğun üzərində ola biləcək bakteriyalar, o cümlədən Salmonella və Campylobacter, su ilə yuyulduqda məhv olmur. Əksinə, sıçrayan su damcıları bakteriyaların mətbəxin müxtəlif səthlərinə yayılmasına səbəb olur.
“Bu zaman mətbəx masası, qab-qacaq, kran və hətta digər qidalar çirklənə bilər. Bakteriyaları aradan qaldırmağın ən təhlükəsiz yolu toyuğu lazımi temperaturda bişirməkdir”, – deyə mütəxəssis vurğulayıb.
F.Səfərov qeyd edib ki, göbələklərlə bağlı vəziyyət fərqlidir.
“Göbələkləri uzun müddət suda saxlamaq məsləhət deyil. Çünki onlar suyu özünə çəkərək yumşala və keyfiyyətini itirə bilər. Lakin bişirməzdən əvvəl qısa müddət axar su altında yumaq və ya nəm kağız dəsmalla silmək təhlükəsizdir”, – o bildirib.
Qida mütəxəssisi hansı məhsulların yuyulmasının vacib olduğunu da açıqlayıb. Onun sözlərinə görə, meyvə və tərəvəzlər, təzə göyərtilər, paxlalılar və bəzi hallarda düyü bişirməzdən əvvəl yuyulmalıdır.
Bununla yanaşı, çiy toyuq, çiy hinduşka və digər quş ətləri, çiy qırmızı ət, eləcə də yumurtaların yuyulması tövsiyə edilmir. Mütəxəssis qeyd edib ki, yumurta qabığının üzərində təbii qoruyucu təbəqə mövcuddur və yuma prosesi bu təbəqəyə zərər verə bilər.
Fərid Səfərov mətbəxdə gigiyena qaydalarına əməl etməyin vacibliyini də xatırladıb.
“Çiy ətə toxunduqdan sonra əllər sabunla ən azı 20 saniyə yuyulmalı, istifadə olunan bıçaq və doğrama taxtası təmizlənməli, çiy ətlə hazır qidalar bir-birindən ayrı saxlanılmalıdır”, – deyə o əlavə edib.
Mütəxəssisin sözlərinə görə, uzun illərdir geniş yayılmış “toyuğu mütləq yumaq lazımdır” fikri əslində qida zəhərlənməsi riskini azaltmır, əksinə artırır.
muasirmedia.az
