Azərbaycan xalqının azadlıq və müstəqillik tarixində silinməz iz qoymuş böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə milli dövlətçilik ideyasının ən parlaq simalarından biridir. O, bütün həyatını xalqının azadlığına, milli şüurun formalaşmasına və müstəqil Azərbaycan dövlətinin qurulmasına həsr etmişdir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız öz tarixinin ən şərəfli səhifələrindən birini yazdı. Bu böyük tarixi nailiyyətin memarlarından olan Rəsulzadə Azərbaycan xalqının hüquqlarını, milli dəyərlərini və dövlətçilik ənənələrini qorumaq uğrunda yorulmadan mübarizə aparmışdır. Onun uzaqgörənliyi, siyasi fəaliyyəti və Vətən sevgisi bu gün də hər bir azərbaycanlı üçün örnəkdir.
Məhəmməd Əmin Rəsulzadənin dillər əzbərinə çevrilmiş “Bir kərə yüksələn bayraq, bir daha enməz!” kəlamı Azərbaycan xalqının azadlıq iradəsinin, milli qürurunun və sarsılmaz əzminin rəmzidir. Bu sözlər illər keçsə də öz mənasını və gücünü itirməmiş, müstəqilliyimizin mənəvi dayaqlarından birinə çevrilmişdir.
Bu gün müstəqil Azərbaycan dövləti inkişaf etdikcə, Rəsulzadənin idealları daha da yaşayır və gələcək nəsillərə örnək olur. Onun adı xalqımızın yaddaşında daim hörmətlə, ehtiramla və qürurla anılır. Azərbaycanın istiqlalı uğrunda çalışan bütün şəxsiyyətlər kimi, Məhəmməd Əmin Rəsulzadə də tariximizin əbədiyaşar simalarından biridir.
Allah rəhmət eləsin. Böyük öndərin əziz xatirəsi daim yaşayacaq və gələcək nəsillər tərəfindən ehtiramla yad ediləcək.
Bir kərə yüksələn bayraq, bir daha enməz! ![]()
MM.AZ
