Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırım, sayt rəhbəri Zaur Mirzə-Zadə və iş adamı Qoşqar Məmmədov barəsində aparılan uzunmüddətli məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda iş üzrə hökm elan edilib.
Məhkəmə kollegiyasına sədrlik edən Fəxri Məmmədov təqsirləndirilən şəxslərin birlikdə hərəkət edərək iş adamı Qurban Piriyevə məxsus yarım milyon manat pul və 34 min manat dəyərində qızılı ələ keçirdiklərini təsdiqləyib. Qeyd olunub ki, vurulmuş ziyanın əhəmiyyətli hissəsi hələ də ödənilməyib.
Qərara əsasən, hər üç şəxs xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Belə ki, Rasim İldırım 9 il 9 ay 14 gün, Zaur Mirzə-Zadə 10 il 3 ay 13 gün, Qoşqar Məmmədov isə 9 il 9 ay 16 gün müddətinə həbs cəzası alıb. Hökm elan olunduqdan sonra onlar məhkəmə zalındaca həbs ediliblər.
Məlumata görə, Rasim İldırımın qardaşı əvvəllər Xətai rayonunun prokuroru olmuş Yusif İldırımzadədir. Zaur Mirzə-Zadə həm “İctimai Maarif Mərkəzi”nin, həm də “bakutime.az” və “xalq.az” saytlarının rəhbəri kimi tanınır və onun əvvəlki məhkumluğu da var. Digər təqsirləndirilən Qoşqar Məmmədov isə bir vaxtlar Balakən rayon seçki komissiyasına sədrlik edib.
İttihamlara əsasən, onlar zərərçəkmiş şəxsi rayonlardan birinə icra başçısı təyin etdirəcəkləri vədi ilə aldadıblar.
muasirmedia.az
