Şəhidlər sizə baxır.
Şəhidlər Xiyabanına ziyarətə gələnlər,
Vətən üçün doğulub,Vətən üçün ölənlər.
Bu Yurdu özlərinə doğma Ana bilənlər,
Bu gün başınız üstə ildırım, şimşək çaxır,
Baxın, diqqətlə baxın, Şəhidlər sizə baxır.
Canlarını Vətənə qurban etdi Şəhidlər,
Vətən deyib həyatdan nakam getdi Şəhidlər.
Demə dönüb ilğıma gözdən itdi Şəhidlər,
Bax onların qanıdır qəlbinizdən gur axır,
Baxin, diqqətlə baxın, Şəhidlər sizə baxır.
Nə həyat görmüşdülər onlar bu gənc çağında?
Yanırdı ürəkləri AZADLIQ sorağında.
Dözmədilər düşməni görsünlər torpağında,
Baş qaldırıb sinəsin sipər etdilər axır,
Baxın, diqqətlə baxın, Şəhidlər sizə baxır.
İlhamın, Fərizənin baxışına siz baxın,
Neçə-neçə gəlinin göz yaşına siz baxın,
Diqqət iə uçacalan baş daşına siz baxın,
Biganəlik görəndə onlar yumruğun sıxır,
Baxın, diqqətlə baxın, Şəhidlər sizə baxır.
Gərək yoxdur qaboya, ya da matəm səsinə,
Bu boyda bir məmləkət sığışmır qəfəsinə.
Uymayın,aman gündür, yadların nəfəsinə,
Unutmayın nə çıxsa, milli birlikdən çıxır,
Baxın, diqqətlə baxın, Şəhidlər sizə baxır.
Bu torpaqda Babəklər, Mübarizlər yetişib,
Bu torpaqda namuslu, igid qızlar yetişib.
Deməyin heç bir zaman yara ötüb, bitişib ,
Birləşin, birləşdirin, əvvəl axır, ilaxır,
Baxın, Diqqətlə baxın, Şəhidlər Sizə baxır…
ƏLİHEYDƏR QAYİBOĞLU