“Mən görmədiklərimi yaza bilmərəm.”-Həmidə xanım Cavanşir

Tarix
1873-cü ildə Kəhrizli kəndində dünyaya gələn Həmidə xanım Cavanşir Azərbaycanın ilk maarifçi qadınlarından biri hesab olunur.
O, tarixçi Əhməd bəy Cavanşirin qızı, böyük yazıçı Cəlil Məmmədquluzadənin isə həyat yoldaşı idi. Atası kimi ziyalı bir ailədə böyüyən Həmidə xanım Azərbaycan mədəniyyəti, ədəbiyyatı və mətbuatının inkişafına böyük töhfələr vermişdir.
Əhməd bəy Cavanşir dövrünün görkəmli maarifçilərindən biri, yenilikçi fikir adamı və “Qarabağ xanlığının siyasi vəziyyətinə dair” əsərinin müəllifi idi. Belə bir ziyalının ailəsində böyüyən Həmidə xanım da təhsili, rus dili biliyi, intellekti və geniş dünyagörüşü ilə o dövrün qadınlarından fərqlənirdi.
Onun ilk evliliyi podpolkovnik İbrahim bəy Davatdarovla olmuş, lakin həyat yoldaşı cəbhədə həlak olduğu üçün bu evlilik nakam qalmışdır. Bu faciədən sonra Həmidə xanım ata yurdu Kəhrizliyə qayıdır. Bir müddət sonra Tiflisdə olarkən o, Cəlil Məmmədquluzadə ilə tanış olur. Bu tanışlıq iki maarifçi, vətənpərvər və ziyalının birləşməsi ilə nəticələnir.
Onların ailə həyatı, sözün əsl mənasında, XX əsr Azərbaycan mədəniyyəti, ədəbiyyatı və mətbuatı üçün böyük bir hadisə idi. Cütlüyün izdivacına bəzi narazılıqlar olsa da, Həmidə xanım bütün çətinlikləri dəf edərək Mirzə Cəlilə həm sadiq həyat yoldaşı, həm də ən yaxın mənəvi silahdaşı olur. Onlar birlikdə nadanlığa qarşı mübarizə aparmış, maarif və mədəniyyət uğrunda əzmlə çalışmış, bir-birinə dayaq olmuşlar. Ən böyük irslərindən biri isə “Molla Nəsrəddin” jurnalını yaratmaqla xalqın düşüncəsini dəyişmək, onu oyatmaq missiyası idi.
Həmidə xanım ömrünün son illərində 70-dən çox 12 vərəqli dəftərə “Xatirələrim” adlı əsərini yazmışdır. Bu əsərdə o, Qarabağın o dövrdəki vəziyyətini, atası Əhməd bəy Cavanşirin həyatını, Mirzə Cəlilin yaradıcılığını, “Molla Nəsrəddin”in Təbriz dövrünü və ətrafındakı böyük şəxsiyyətləri təsvir etmişdir. Lakin bu kitabın çapı qadağan edilmişdir. Səbəb isə Həmidə xanımın Mir Cəfər Bağırovun istəyinə baxmayaraq, əsərdə Qarabağdakı bolşevik fəaliyyətindən yazmaması idi. Onun bu təkidə cavabı isə belə olmuşdu:
“Mən görmədiklərimi yaza bilmərəm.”

Fotoğraf açıklaması yok.
MM.AZ

MƏCİD RƏÇADƏTOÖLU