Cümhuriyyət Bayramının 102-ci ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib

ölkə
Oktyabrın 29-da Şəhidlər Xiyabanında yerləşən Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 102-ci ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.
Mərasimdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün, Səfirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, elm və təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri, eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin sədri Mürsəl Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
Səfir Prof.Dr. Birol Akgün 29 oktyabr 1923-cü ildə elan edilən Cümhuriyyətin Türk xalqının azadlıq və müstəqillik iradəsinin ən böyük təcəssümü olduğunu bildirib. Səfir bu dəyərli irsin qorunması və gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edib. Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlıq münasibətlərinin bu ruhun ən bariz göstəricisi olduğunu vurğulayan Prof.Dr. Birol Akgün iki ölkənin qardaşlıq bağlarının gələcəkdə daha da möhkəmlənməsi naminə səylərimizin davam edəcəyini qeyd edib.
Daha sonra şəhid məzarları, “Türk şəhidliyi” və “Əbədi məşəl” abidələri önünə gül dəstələri qoyulub.
MM.AZ