“ABŞ kəşfiyyat orqanları İranın yeni ali lideri Müctəba Xameneinin yerini müəyyənləşdirə bilmir”.
Bu barədə CNN-in hesabatında yazılıb.
Bildirilib ki, bu qeyri-müəyyənliyin bir hissəsi Xameneinin ünsiyyət üçün heç bir elektron cihazdan istifadə etməməsi, sadəcə onu şəxsən ziyarət edə bilənlərlə və ya kuryer vasitəsilə mesaj göndərməklə əlaqə saxlaması ilə bağlıdır:
“Xamenei bədəninin bir tərəfindəki yanıqlar, o cümlədən üzünə, qoluna, ayağına dəyən xəsarətlər səbəbindən tibbi müalicə almağa davam etdiyi üçün təcrid olunub.
Digər tərəfdən, İranın ali liderinin ofisində protokol rəhbəri Məzahir Hüseyni bildirib ki, Xamenei hazırda tam sağlamdır.
Hüseyni İranda izdihama səslənərək bunları deyib: “Allaha şükür, o, yaxşıdır. Düşmən hər cür şayiələr və yalan iddialar yayır. Onu görmək və tapmaq istəyirlər, amma insanlar səbirli olmalı və tələsməməlidirlər. Xamenei vaxtı çatanda sizinlə danışacaq”.
CNN qeyd edib ki, ABŞ kəşfiyyatının qiymətləndirmələri Xameneinin müharibənin diplomatik şəkildə sona çatması üçün İranın danışıqlar strategiyasının hazırlanmasında iştirak etdiyini göstərir:
“Lakin son məlumatlarla tanış olan bir mənbə bizə dedi ki, Xamenei qərar qəbuletmə prosesindən kifayət qədər uzaqlaşdırılıb. Yalnız nadir hallarda onun əlaqə saxlanıldığına dair dəlillər var.
Mənbə əlavə edib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli rəsmiləri gündəlik əməliyyatları əsasən İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibafla birlikdə idarə edirlər”.
Bildirilib ki, Müctəba Xameneinin səhhəti və hazırda parçalanmış İran rejimindəki mövqeyi ilə bağlı suallar Tramp administrasiyası üçün çətinlik yaradıb:
“Çünki ABŞ-ın yüksək vəzifəli rəsmiləri münaqişəyə son qoymaq üçün danışıqlar aparmaq səlahiyyətinin kimin əlində olduğunu bilmirlər”.
MUASİRMEDİA.AZ
