Şah İsmayıl Xətaini bu gün yalnız keçmişin siyasi mübarizələri prizmasından qiymətləndirərək onu bir tərəfli şəkildə təqdim etmək tarixi həqiqətə uyğun deyil.
Bəli, Şah İsmayılın hakimiyyəti dövründə müharibələr olub, sərt siyasi qərarlar qəbul edilib və dini qarşıdurmalar yaşanıb. Lakin XVI əsrin siyasi reallıqlarını XXI əsrin meyarları ilə qiymətləndirmək də doğru deyil. Həmin dövrdə regionda dövlətlərarası müharibələr, hakimiyyət uğrunda mübarizələr və dini-siyasi qarşıdurmalar adi hal idi.
“Şah İsmayıl yalnız dini mübarizə aparırdı”
deyənlərə Şah İsmayılın fəaliyyətini yalnız məzhəb məsələsinə bağlamaq onun siyasi fəaliyyətinin miqyasını kiçiltməkdir. 1501-ci ildə Təbrizdə hakimiyyətə gələn Şah İsmayıl qısa müddətdə böyük bir siyasi məkan yaratdı və Səfəvi dövlətini regionun əsas güclərindən birinə çevirdi.
Onun fəaliyyəti yalnız dini siyasətdən ibarət deyildi.
Dövlətin idarə olunması, hərbi təşkilatlanma, siyasi hakimiyyətin mərkəzləşdirilməsi və müxtəlif ərazilərin vahid hakimiyyət altında birləşdirilməsi onun fəaliyyətinin əsas istiqamətlərindən idi.
Şah İsmayıl Osmanlıya qarşı çıxmaqla səhv etdi”
deyənlərə Şah İsmayıl və Osmanlı sultanı I Səlim arasındakı qarşıdurma XVI əsrin ən böyük siyasi rəqabətlərindən biri idi.
1514-cü il Çaldıran döyüşünü yalnız “Şah İsmayılın səhvi” kimi təqdim etmək sadələşdirilmiş yanaşmadır.
Çünki burada iki böyük dövlətin siyasi maraqları, Anadolu üzərində nüfuz mübarizəsi və dini-siyasi rəqabət bir-birinə qarışmışdı.
Tarixdə məğlubiyyət hər zaman dövlət quruculuğunun uğursuzluğu demək deyil.
Şah İsmayıl Çaldıranda məğlub olsa da, Səfəvi dövləti dağılmadı və sonrakı əsrlərdə regionun ən mühüm siyasi qüvvələrindən biri olaraq qaldı.
“Şah İsmayılın heç bir mədəni əhəmiyyəti yoxdur” deyənlərə Bu fikir isə xüsusilə əsassızdır.
Şah İsmayıl Xətai təxəllüsü ilə Azərbaycan türkcəsində əsərlər yaradıb. Hökmdar olmasına baxmayaraq, ədəbiyyata böyük maraq göstərib və Azərbaycan türkcəsinin ədəbi ifadə imkanlarının genişlənməsinə öz töhfəsini verib. Onun adı Azərbaycan poeziyasının tarixində Füzuli, Nəsimi və digər böyük söz ustaları ilə birlikdə xatırlanır. Tənqid etmək olar, amma tarixi təhrif etmək olmaz Şah İsmayılın səhvlərini və sərt qərarlarını araşdırmaq tamamilə normaldır. Tarixdə heç bir hökmdar tənqiddən kənarda deyil. Amma bir tarixi şəxsiyyət haqqında hökm verərkən onun bütün fəaliyyətini, dövrün siyasi şəraitini və yaratdığı irsi birlikdə nəzərə almaq lazımdır. Şah İsmayıl Xətai nə yalnız ideallaşdırılmalı, nə də düşmənlərinin təsvir etdiyi kimi təqdim edilməlidir. Onu tənqid edənlərə ən düzgün cavab tarixdir. Çünki Şah İsmayılın qurduğu dövlət əsrlərlə yaşadı, yaratdığı ədəbi irs bu günə qədər gəlib çatdı və Xətai adı Azərbaycan mədəniyyətinin yaddaşından silinmədi. Tarixə hörmət edən insan onunla razılaşmadığı məqamları da araşdırar, amma tarixi şəxsiyyəti siyasi nifrətin alətinə çevirməz. Şah İsmayıl Xətaini müzakirə etmək olar. Onun fəaliyyətini tənqid etmək olar. Amma onu tarixi kontekstdən çıxarıb bir neçə hadisə ilə qiymətləndirmək olmaz.
Çünki tarix yalnız qaliblərin və ya məğlubların deyil, bütöv bir dövrün hekayəsidir.
MUAİRMEDİA.AZ
GÜLƏR AMİN
