Rəqəmsal platformaların sürətlə yayılması ilə sosial media artıq uşaqların da gündəlik həyatının bir hissəsinə çevrilib.
Lakin azyaşlıların bu platformalara erkən və nəzarətsiz çıxışı cəmiyyətdə ciddi müzakirələrə səbəb olur. Bir çox ölkədə, o cümlədən qonşu Türkiyədə uşaqların sosial mediaya girişinin məhdudlaşdırılması ilə bağlı təşəbbüslərin gündəmə gəldiyi bir vaxtda, məsələ yenidən diqqət mərkəzinə düşüb.
Kiçik yaşlı uşaqların və yeniyetmələrin sosial şəbəkələrə girişinin məhdudlaşdırılması sırf Türkiyə modeli deyil, dünya ölkələri artıq uzun müddətdir bu barədə düşünür və mərhələli şəkildə bu layihələrin icrasına başlayırlar. Cəmiyyətin milli-mənəvi dəyərlərini və böyüməkdə olan nəslin saflığını qorumağın üsullarından biri də bu istiqamətdə atılan addımlardır.
Hər hansı bir ölkənin təcrübəsini olduğu kimi götürüb tətbiq etmək düzgün yanaşma deyil. “Mövcud sosial şəbəkələrə uşaqların girişinin məhdudlaşdırılması ilə bağlı məhz Azərbaycan modelinin hazırlanmasına ehtiyac var. Cəmiyyət və ailələr dəstək verəcək. Çünki uşaqların və yeniyetmələrin sosial şəbəkələrdə qarşılaşdıqları ziyanlı və dağıdıcı məzmun bütün cəmiyyəti və ailələri narahat edir.Dövlətin bu istiqamətdə atacağı addımlar geniş ictimai dəstək qazana bilər. MUASİRMEDİA.AZ
