Bu gün Ərdoğan hakimiyyətini sərt tənqid edən Alparslan Kuytul həyat yoldaşı Semra Kuytul ilə birlikdə daha 31 nəfərlə həbs olunub.
Amma bu hadisədə daha diqqətçəkən bir məqam var.
Ərdoğanın müşaviri Oktay Saral əməliyyatdan cəmi bir gün əvvəl Alparslan Kuytulu hədəfə alaraq yazmışdı:
“Sənin də suyun kifayət qədər isinib, sıra sənə də gələcək!”
Bu paylaşım sonradan silinib, bir gün sonra əməliyyat və həbslər.
Alparslan Kuytulun dini baxışlarını qəbul edib-etməməyimizdən söhbət getmir. Onun hansı məzhəbə, hansı dini cərəyana və ya ideoloji düşüncəyə mənsub olması da əsas məsələ deyil.
Əsas məsələ budur ki, insan hakimiyyəti tənqid etdiyinə görə həbs edilməməlidir.
Əgər ortada konkret cinayət varsa, bunu müstəqil məhkəmə, şəffaf araşdırma və qanun müəyyən etməlidir. Hakimiyyətin yüksək vəzifəli şəxsi əvvəlcədən bir insanı hədəfə alıb “sıra sənə də gələcək” deyirsə və ardınca həmin şəxsə qarşı əməliyyat keçirilirsə, bu, demokratik cəmiyyət baxımından çox ciddi suallar doğurur.
Biz dindarın da, ateistin də, müxalifətin də, iqtidar tərəfdarının da hüquqlarının qorunduğu bir ölkə istəyirik.
Bizim istəyimiz hakimiyyətin dəyişməsi ilə başqa bir hakimiyyətin eyni üsulları təkrarlaması deyil.
Biz hüququn üstün olduğu, tənqidin cinayət sayılmadığı, insanların fikirlərinə görə həbs edilmədiyi demokratik və dünyəvi dövlət istəyirik.

