AZAD SÖZÜN GÜCÜ: Görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin milli mətbuatımızın inkişafında rolu

ƏDƏBİYYAT Tarix
Azərbaycanın milli mətbuat tarixi özünün zənginliyi, keşməkeşliliyi, öz regionunda bir çox ilklərə imza atması, eləcə də zamanın sınaqlarından üzüağ çıxması ilə seçilir. Bu tarix sadəcə regional və ya dünya səviyyəli xəbərlərin doğru və dolğun çatdırılmasında deyil, eyni zamanda milli şüurun təşəkkülü, dövlətçilik ideyalarının formalaşması və maarifçilik hərəkatının güclənməsində də aparıcı qüvvə kimi müstəsna əhəmiyyətə malikdir.
XIX əsrin sonu – XX əsrin əvvəllərində həm Şərq, həm də Qərb ölkələri inqilabi burulğanların ağuşunda çabalayırdı. Belə bir zamanda hər iki qütbün kəsişməsində yerləşən Azərbaycan bu maarifçilik və milli özünüdərk hərəkatından geridə qalmadı və zəngin publisistik ənənəyə malik bir ziyalı nəslini yetişdirdi. Həmin ziyalı nəslinin nümayəndələri azərbaycanlıların bir xalq kimi özünü dərk etməsi, öz maddi-mənəvi zənginliklərinə, adət-ənənələrinə, mədəniyyətinə sahib çıxaraq dəyər verməsi, həmrəy olaraq öz milli maraqları uğrunda birləşməsi üçün öz publisistik fəaliyyətlərini göstərdilər. Onlar dövrün ən çox oxunan, hətta imperiyanın da gündəminə yön verən qəzetlərdə Azərbaycan xalqının adından çıxış etdilər. Vətənimizi əvvəlcə bizə, sonra isə rus və digər qeyri-rus xalqlara tanıtdılar. Hər yazılarında Azərbaycan xalqının maraqlarından çıxış edərək hüquqlarını müdafiə etdilər. Təsadüfi deyil ki, Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dövlətçiliyimizin, maarifçiliyimizin, mətbuatımızın bu günlərə qədər qorunub saxlanılması milli maarifçilik və özünüdərk hərəkatının unudulmaz simalarına çevrilən görkəmli ziyalılarımızın yorulmaz fəaliyyətlərinin nəticəsidir. Həmin ziyalılarımızdan biri də milli istiqlalımızın müdafiəsi uğrunda sonadək mübarizə aparmış görkəmli ictimai-siyasi xadim, yazıçı, jurnalist və redaktor Ceyhun Hacıbəylidir.
Ceyhun Hacıbəyli milli mətbuatımızın intibah dövründə fəaliyyət göstərən ən parlaq, lakin fəaliyyəti uzun illər sovet ideoloji senzurası tərəfindən kölgədə saxlanılan nümayəndələrindən biridir. O, təkcə “İttihad”, “Açıq söz”, “Kaspi”, “Azərbaycan” kimi mötəbər mətbuat orqanlarındakı fəaliyyəti ilə deyil, həm də mühacirət dövründə vətəndən uzaqda Azərbaycanın haqq səsini ucaldan peşəkar jurnalist və tədqiqatçı kimi adını milli mətbuat tarixinə qızıl hərflərlə yazdırmışdır.
1891-ci ildə Azərbaycanın, Qarabağın dilbər guşəsi olan Şuşa şəhərində anadan olan Ceyhun Hacıbəylinin dövrün mətbuatı ilə ilk tanışlığı 1907-ci ilə təsadüf edir. O zaman 16 yaşında olan gənc Ceyhun həm gəncliyə, həm də mətbuata ilk addımlarını atır. O, görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun baş redaktorluğu ilə dərc olunan “Proqres” qəzetinin beşinci nömrəsində öz felyetonları ilə oxucuların qarşısına çıxır. Ceyhun bəyin qəzetlə əməkdaşlığı bununla yekunlaşmır. O dövrə aid olan yazılarına baxsaq, bir çoxunda Ceyhun Hacıbəylinin felyeton janrına üstünlük verdiyini görərik. Belə ki, Ceyhun bəyin məşhur felyetonlarından olan “Pristav ağa” “Proqres” qəzetinin növbəti – altıncı və yeddinci saylarında dərc edilmişdir. Lakin Ceyhun bəy “Pristav ağa”nı “Daqestanskiy” imzası ilə dərc etdirmişdir. Bundan sonrakı publisistik fəaliyyətində Ceyhun Hacıbəyli bir çox yazılarını bu imzayla və ya “C. Dağıstani” imzası ilə dərc etdirir. Bunun iki səbəbi var. Birinci səbəb Hacıbəylilərin Dağıstan əsilli olması faktına söykənir. Rusiya imperiyasını sərt tənqid edən müəllifin həbs və məhrumiyyətlərdən kənarda qalması üçün kimliyini başqa imza ilə gizlətməsi isə ikinci səbəbdir.
“Proqres” qəzetindəki fəaliyyətindən sonrakı illərdə Ceyhun Hacıbəylinin dövrün bir çox tanınmış qəzetləri ilə əməkdaşlığı olmuşdur. Onlardan biri də 1905–1908–ci illərdə fəaliyyət göstərən, milli mətbuat tariximizdə özünəməxsus yeri olan və yenə Əhməd bəy Ağaoğlunun baş redaktorluğu ilə dərc olunan “İrşad” qəzetidir. Ceyhun bəy “İrşad”ın fəal əməkdaşlarından biri kimi mətbuat meydanına addım atmış, burada həm publisist, həm də satirik kimi diqqəti cəlb etmişdir. Ceyhun Hacıbəyli “İrşad”dakı kəskin, tənqidi yazılarında müsəlman cəmiyyətinin gerilikdən xilas olmasının yeganə yolunu elmdə, təhsildə və məktəblərin dünyəviləşməsində gördüyünü bildirirdi. Qəzetdəki məqalələrində tez-tez dövrə uyğun, müasir məktəblərin açılması zərurətini vurğulayırdı. Ceyhun bəy Şərq qadınının təhsil almasını, cəmiyyətin fəal üzvünə çevrilməsini milli inkişafın əsas şərtlərindən biri hesab edirdi və bu mövzu onun “İrşad”dakı publisistikasının ana xəttini təşkil edirdi. Rusiya imperiyasının yerli xalqlara qarşı yeritdiyi assimilyasiya və ayrı-seçkilik siyasətinə qarşı çıxış edərək azərbaycanlıların öz ana dillərində təhsil və mətbuat hüququnu qətiyyətlə müdafiə edirdi.
1908-ci ildə “İrşad” qəzetinin bağlanmasından sonra tanınmış milyonçu, mesenat Murtuza Muxtarovun maddi dəstəyi ilə Əhməd bəy Ağaoğlu “Tərəqqi” qəzetini təsis etdi. O vaxt hələ 17-18 yaşlarında olan gənc Ceyhun Hacıbəyli “İrşad”da olduğu kimi “Tərəqqi”də də qardaşı Üzeyir Hacıbəyli ilə birgə çalışır, yazılarında eyni xətti qoruyub saxlayır, milli və maarifçi düşüncələrlə çıxış edirdi.
Ceyhun Hacıbəyli o dövrün təkcə ana dilində yox, həm də rus dilində dərc olunan qəzetləri ilə də əməkdaşlıq edir, rusdilli mətbuatda xalqımızın problemlərini, çətinliklərini, çatışmazlıqlarını işıqlandırırdı. Əsas hədəf kütləsi neft sənayeçiləri olan və Bakı şəhərinin mədəni həyatını özündə əks etdirən rusdilli “Baku” qəzetində Ceyhun Hacıbəylinin bir çox yazıları dərc edilmişdir. Onlardan biri də “Zaqafqaziya kənd sakininin həyatından” adlanır. Bu yazı 18 yaşlı gənc yazarın “Hacı Kərim” adını verdiyi povestinin ilkin variantıdır. Müəllifin müsəlman əhalinin daxili dünyasını satirik boyalarla təsvir etdiyi bu yazı “Baku” qəzetinin 12 iyul 1909-cu il tarixli 154-cü sayında dərc edilmişdir.
Dövrün gənc və perspektivli ziyalısı olan Ceyhun Hacıbəyli Rusiya imperiyasının paytaxtı Sankt-Peterburqda və Fransanın Sorbonna Universitetində ali təhsil aldığı müddətdə belə Azərbaycan mətbuatı ilə əlaqəsini kəsmədi, əksinə, Avropada müşahidə və təcrübə etdikləri ilə publisistikasını zənginləşdirdi. Gənc tələbə Ceyhunun yazıları bu dəfə “Həqiqət” qəzetində dərc olunurdu. Bu qəzeti 1909–1910–cu illərdə Ceyhunun qardaşı, dahi şəxsiyyət Üzeyir Hacıbəyli görkəmli mətbuat xadimi Oruc Orucovla birgə dərc etdirirdi. “Həqiqət” qəzetinin 25 dekabr 1909-cu ildə işıq üzü görən ilk sayında Ceyhun Hacıbəylinin “Avropa məktubatı” silsiləsindən ilk yazısı dərc edilir. Bu yazıda müəllif o dövrdə Avropa ölkələri ilə Azərbaycanın dünyagörüşünü müqayisə edir və müşahidələrindən çox ciddi faktlar ortaya çıxarır. Azərbaycan əhalisinin elmdən uzaq düşməsindən fərqli olaraq, Qərb ölkələrinin elmi, mədəni, mütərəqqi meyllərini nümunə kimi göstərir. Rusiyada və Fransada təhsil aldığı illərdə Ceyhun Hacıbəyli “Həqiqət” qəzeti ilə birgə “Baku” və “Kaspi” kimi rusdilli mətbuat orqanlarına da bir çox yazılar, məktublar, analitik materiallar və felyetonlar göndərir.
Ceyhun Hacıbəylinin cümhuriyyətəqədərki publisistik fəaliyyətinin mühüm mərhələsi dövrün məşhur qəzetlərindən olan “Kaspi” ilə bağlıdır. Azərbaycanda dərc olunan ilk rusdilli qəzetlərdən biri olan “Kaspi” qəzetindəki yazılarında gənc müəllif Rusiya imperiyasının hakim dairələrinə daha asan nüfuz edə bilirdi. Burada o, təkcə müəllif kimi yox, həm də təşkilatçı və redaktor kimi böyük məsuliyyət daşımışdır. Ceyhun bəy Birinci Dünya müharibəsi illərində “Kaspi”nin nəzdində cəbhə xəbərlərini və teleqramları özündə əks etdirən “İzvestiya” (“Xəbərlər”) əlavəsinin baş redaktoru kimi hərbi-siyasi prosesləri oxuculara operativ şəkildə çatdırmışdır. Ceyhun Hacıbəylinin “Kaspi”dəki yazılarından biri Həsən bəy Zərdabinin ağır itkisinə həsr etdiyi “Həsən bəy Məlikovun xatirəsi” yazısıdır. Bu yazı 28 noyabr 1912-ci ildə dərc edilmişdir. Bu ağır itkinin yeddinci ildönümünə həsr etdiyi “Yeddi il” məqaləsi də 1914-cü ildə adıçəkilən qəzetdə dərc edilmişdir. Bundan başqa, onun “Kaspi”də dərc olunan “Barışmaz ata”, “Nümunəvi sübut”, “Müdrik hakim” kimi hekayə və felyetonları da mövzusunun unikallığı və maraqlılığı ilə seçilmişdir.
Ceyhun Hacıbəyli Rusiya imperiyasının hər tərəfində inqilab alovlarının yandığı təlatümlü 1917-ci ildə Azərbaycanda yenicə yaranan və Rusiya müsəlmanlarını bir amal uğrunda birləşdirməyi hədəfləyən İttihad Partiyasının rəsmi mətbuat orqanını – “İttihad” qəzetini təsis etdi. Daşnak-bolşevik birləşmələrinin 1918-ci ilin martında Bakıda törətdiyi soyqırımı nəticəsində qəzetin fəaliyyəti dayansa da, Bakı işğaldan azad edildikdən sonra yenidən fəaliyyət göstərdi.
Ceyhun bəyin milli mətbuatımızda oynadığı ən böyük rol onun Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı olan “Azərbaycan” qəzetindəki fəaliyyəti dövrünə təsadüf etmişdir. Qəzetin baş redaktoru olan Hacıbəyli bu dövrdə gənc respublikanın ideoloji dayaqlarının möhkəmləndirilməsi və istiqlal məfkurəsinin yayılması missiyasını daşımışdır. Belə halda, Cümhuriyyət dövrünü və “Azərbaycan” qəzetini Ceyhun Hacıbəyli publisistikasının zirvə nöqtəsi saymaq yanlış olmazdı. Ceyhun Hacıbəylinin bu qəzetdəki yazıları xronoloji ardıcıllıqla Bakının azad edilməsi, keçmiş Rusiya imperiyası torpaqlarında bolşevizm təhlükəsi, bu təhlükəyə Müttəfiq dövlətlərin müdaxiləsi, Gürcüstanla Ermənistan arasında baş verən müharibə və hər iki xalqın bu müharibəylə bağlı fikirləri kimi mövzularla zəngin və əhəmiyyətlidir. Ceyhun Hacıbəyli qəzetin 9 yanvar 1919-cu il tarixli sayında “Möhtərəm oxucularımıza” adlı yazısında özünün bildirdiyi kimi, vətən və millət yolunda əlindən gələn xidməti və öhdəsinə düşən vəzifəni icra etmək üçün baş redaktorluq fəaliyyətini müvəqqəti dayandırır. O, Paris Sülh Konfransında Azərbaycanı təmsil etmək üçün yola düşür. Ceyhun Hacıbəylinin əbədi ezamiyyəti onun vəfat etdiyi 1962-ci ilə qədər davam edir.
Ceyhun Hacıbəyli Paris Sülh Konfransında fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Xalq Cümhuriyyətini bütün dünyaya tanıtmaq üçün 11 nüsxəli “Azərbaycan” bülletenini yayımlamışdır. Həmçinin Fransanın nüfuzlu mətbuat orqanlarında ardıcıl məqalələrlə çıxış edərək anti-Azərbaycan təbliğatına qarşı kəsərli publisistik cavablar hazırlamışdır.
1920-ci ilin Aprel işğalından sonra Ceyhun Hacıbəyli Azərbaycanın mühacirət publisistikası və ədəbiyyatını öz yazıları, hekayələri və araşdırmaları ilə zənginləşdirmişdir. Fransada yaşayan istiqlalçı ziyalı ölkənin nüfuzlu “La Revue du Monde Musulman”, “La Revue des Deux Mondes”, “Le Figaro” kimi qəzetləri ilə əməkdaşlıq etmiş, Parisdə fransız dilində “Qafqaz”, sonralar isə Almaniyada Azərbaycan və rus dillərində dərc olunan “Azərbaycan” jurnalının baş redaktoru olmuşdur. Bundan başqa, Ceyhun Hacıbəyli sovetlərin Şərq siyasətini, daxili repressiyalarını və xüsusilə dinə qarşı mübarizəsini kəskin ifşa edirdi. O, təkcə analitik yazıların yox, həm də Azərbaycan mədəniyyətini və folklorunu təbliğ edən məqalələrin də müəllifi olmuşdur. “Azərbaycanın mətbuat tarixi”, “Qarabağın dialekt və folkloru” kimi yazılar bu qəbildəndir. Mühacir ziyalımız “Şamaxı məhkəməsi” yazısında xalqımıza qənim kəsilmiş bolşevik rəhbər Həmid Sultanovun cinayətləri ilə Qərb mətbuatını tanış etmiş, “Əhməd Cavad faciəsi” yazısında isə istiqlal şairinin qətlini işıqlandıran ilk müəlliflərdən olmuşdur.
Ceyhun Hacıbəylinin milli mətbuatımızın inkişafındakı rolu təkcə tarixi faktlar toplusu deyil, həm də müasir jurnalistikamız üçün peşəkarlıq dərsidir. O, qələmi ilə azad sözün, azad fikrin xalqın müqəddəratında nə dərəcədə güclü təsir bağışlaya biləcəyini sübut etdi. Ceyhun Hacıbəyli irsinin öyrənilməsi və müasir media mühitimizə inteqrasiya olunması gələcək jurnalistikamızın keyfiyyət standartlarını, analitik gücünü və milli-mənəvi sütunlarını möhkəmləndirən ən mühüm amillərdən biridir.
SEVİNDİK NƏSİBOĞLU
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 2-ci kurs tələbəsi, AJB və AYB üzvü
12.08.2026

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir