Bu gün Əlif Hacıyevin anım günüdür. Onun adı Azərbaycan xalqının yaddaşında mərdlik, fədakarlıq və vətənə sonsuz sədaqət rəmzi kimi yaşayır.
1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir. Həmin qanlı gecədə Əlif Hacıyev polis zabiti kimi dinc əhalinin müdafiəsi üçün ön sıralarda dayanmış, qadınların, uşaqların və qocaların təhlükəsiz şəkildə çıxarılması üçün son ana qədər mübarizə aparmışdır. O, ağır və çətin şəraitdə belə geri. çəkilməmiş, vətən torpağını və öz xalqını qorumağı hər şeydən üstün tutmuşdur.
Onun göstərdiyi igidlik, qətiyyət və fədakarlıq Azərbaycan polisinin şərəf tarixində qızıl hərflərlə yazılmışdır. Əlif Hacıyev yalnız bir polis əməkdaşı deyildi – o, xalqın dayağı, ümid yeri və mərdliyin canlı təcəssümü idi. Qəhrəmanlığı və vətən sevgisi onu Azərbaycan Milli Qəhrəmanı zirvəsinə yüksəltdi.
Əlif Hacıyevin əziz xatirəsi daim hörmət və ehtiramla anılır. Onun adı, mübarizəsi və fədakarlığı gələcək nəsillərə vətənpərvərlik nümunəsi olaraq qalacaqdır.
Ruhun şad olsun, Qəhrəman!

MUASİRMEDİA.AZ
