Milyonçu – mesenat, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı, multimilyonçu Şəmsi Əsədullayevin gəlini Leyla xanım Əsədullayeva…
Hacı Zeynalabdin iki ailə həyatı qurub. Birinci həyat yoldaşı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan Hacının iki oğlu və bir qızı olmuşdu. Oğlanları: İsmayıl, Sadiq və qızı Xanım. İkinci həyat yoldaşı məşhur general leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu İsmayılın həyat yoldaşı idi. Hacı oğlugildə olarkən Balakişi bəy Ərəblinskinin kiçik qızı Sonanı görüb bəyənmiş və onunla evlənmişdi. Yəni Hacı öz oğlu ilə bacanaq idi. Sona xanım 16 yaşında ikən 73 yaşlı Tağıyevə ərə verilmişdi. Balakişi bəy Tağıyevin mülkünə ortaq olmaq üçün kiçik qızını Hacıya vermişdi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. Qızları: Leyla (fotodakı xanım), Sara və Sürayya. Oğlanları: Məhəmməd və İlyas. Məhəmməd “Dikaya diviziya”-nın zabiti olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə tutularaq dünyasını dəyişmişdi.
Qızı Leyla xanım Şəmsi Əsədullayevin oğlu Əli Əsədullayevlə evlənmişdi. Onların Əli, Nadir, Gülnar və Zeynal adlı övladları olmuşdu. Zeynal Türkiyədə dünyaya gəlmişdi. Əli Əsədullyev 1920-ci illərdə ailəsini götürərək əvvəlcə İrana, sonra isə Türkiyəyə mühacirət etmiş, daha sonra ailə Parisə köçmüşdü. Qızları Gülnar Əsədullayev Parisin Sorbonna Universitetini bitirdikdən sonra Leyla Əsədullayeva ilə İstanbulda köçmüşdü. Leyla xanım 1948-ci ildə İstanbulda vəfat etmişdir.
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU