ETİBARSIZ DÜNYANIN ETİBARLI ADAMI..

ƏDƏBİYYAT
Bir neçə il bundan qabaq facebook.com sosial şəbəkəsində Etibar Qoca adlı bir istifadəçisinin mənə dostluq təklifinin göndərilməsini gördüm.
Dostluq təkliflərinin mənə çox göndərilməsinə baxmayaraq, Etibar Qocanın dostluq təklifini daha tez qəbul etməli oldum.
İlk öncə , mənə elə gəldi ki, ,, Qoca” təxəllüsünü özünə götürdüyündən, çox qoca bir adamdır.
Sonradan onun mənimlə yaşıd olduğunu anladım.
Sosial şəbəkədə yazıb paylaşdıqlarımı həmişə diqqətlə izləyən Etibar müəllim, yazdıqlarımı bəyənib, həmçinin, rəy də yazırdı.
Bir gün Etibar Qoca messenger vasitəsi ilə mənimlə salamlaşıb, hal-əhval soruşdu.
Səmimi virtual söhbətimizdən aydın olurdu ki, Etibar müəllim çox sadə, təvəzökar bir insandır.
Bu məqamda, o, məndən mobil telefon nömrəmin ona verməyini xahiş elədi.
Beləliklə, telefon nömrəmi ona verməyimdən sonra, virtual dostluqdan real dostluğumuza daha çox zəmin yarandı.
Oxuduğum mahnıları həvəslə dinləyir və bu mahnılardan xüsusi zövq alırdı.
Oxuduğum muğamları, xalq mahnılarını dinləməklə bərabər, ara-sıra korifey sənətkarlarımızdan Şövkət Ələkbərovanın, Sara Qədimovanın, Qulu Əsgərovun, Yaqub Məmmədovun, Sabir Mirzəyevin oxuduğu muğam və təsniflərini də Vhatsapp vasitəsi ilə mənə göndərirdi.
Ən çox xoşladığı muğamlardan biri ,, Çahargah” muğamı idi.
Bütün muğamların sirlərinə bələd olduğundan, ,,Bəstə-Nigar” muğamını da çox sevirdi.
Bir gün məndən, Sabir Mirzəyevin oxuduğu ,,Bəstə-Nigar” muğamını oxuyub, ona göndərilməsini xahiş etdi.
İstəyini qəbul edib, adı çəkilən muğamı oxuyub, ona göndərdim.
Dinlədikdən sonra, çox bəyəndiyini bildirdi.
Etibar müəllimi bu vaxta kimi virtual olaraq tanısam da, üzünü bir dəfə də olsun, real həyatda görməmişdim.
Bir gün , o, mənə ,,28 May”da Rəsm Qalereyasının olduğunu deyib, məni həmin qalereyaya dəvət etdiyini bildirdi.
Onun bu təklifini nəzərə alıb, bir gün mütləq görüşəcəyimizi dedim.
Nəhayət ki, vaxt tapıb qızım Nərgizi də götürüb, Etibar müəllimin dəvət etdiyi Rəsm Qalereyasına getməli oldum.
Bizi çox mehribanlıqla qarşılayan Etibar müəllim, çəkdiyi rəsm əsərləri ilə bizi yaxından tanış etdi.
Rəsm əsərlərində yaratdığı peyzajlar və digər nümunələr bizi çox heyran elədi.
Əslində, mən Etibar Qocanın istedadlı bir rəssam olduğunu o vaxta kimi hələ yaxşı anlamırdım.
Onun ancaq, facebook.com səhifəsindəki ara-sıra poeziya nümunələrinə rast gəlirdim.
Etibar Qocanın yaratdığı rəsm əsərləri ilə tanışlıqdan sonra, bizi çay süfrəsi arxasına dəvət etdi.
Səmimi, mehribancasına bizi qəbul edən Etibar Qoca, əslən Qazaxdan olan Rəsm Qalereyasının rəhbərindən söhbət açıb və bizi onunla da tanış etdi.
Mən- yoldaşımın da Qazaxlı olduğunu , gözəl rəsm əsərləri çəkdiyini, həm də, Neft Şirkətində işlədiyini bildirdim.
Rəsm Qalereyasının rəhbəri yoldaşımın da çəkdiyi rəsm əsərlərini ona təqdim olunmasını, həmin rəsmlərin orada nümayiş etdirlməsini təklif elədi.
Etibar bəylə xatirə şəkillərimizi çəkdirib, xoş təəsüratla ondan ayrılmalı olduq.
Bu söhbəti gəlib evdə yoldaşıma danışanda, yoldaşım həmin adamın yaxşı tanıdığını söylədi.
Çox əmin idim ki, yoldaşım da öz çəkdiyi gözəl rəsm əsərlərini aparıb, həmin Rəsm Qalereyasına təqdim edəcək.
Çox təkid etsəm də, yoldaşım buna razı olmadı…
Bu minvalla Etibar Qocayla sosial şəbəkədə yenə də dostluğumuz öz axarıyla davam edirdi.
Bir gün də biz, yenidən facebook.com səhifəsindəki virtual dostlarla ,,28 May”da görüşməli olduq.
Bu dəfəki görüşümüz də, çox yadda qalan görüşlərdən biri kimi , xatirə olaraq, yaddaşımıza həkk olundu.
Etibar Qoca dostluqda çox sədaqətli, çox mehriban, həm də, çox comərd bir dost idi.
Hansı məclisdə olursa-olsun, həmişə oxuduğum mahnıları telefonla çəkib, sonra mənə göndərərdi.
Günlərin bir günündə Maştağa Mədəniyyət evində işləyən dostum Salman müəllim, M.F.Axundov Adına Opera və Balet teatrında nümayiş etdirilən tamaşalardan birinə məni dəvət etdi.
Salman müəllim bildirdi ki, onda dörd bilet var, yaxın dostlarımdan varsa, onları da tamaşaya baxmağa dəvət edin.
Həmin vaxtlarda Lerikdən gələn şair dostum Mais Təmkin də Bakıda idi.
Belə qərara gəldim ki, Mais dostumla bərabər, Etibar Qocanı dəvət edim.
Etibara zəng etdim ki, sizi Opera və Balet Teatrına tamaşaya dəvət edirəm
Etibar bu məqamda ,,çox gözəl, məmuniyyətlə gələcəyəm.
Ancaq, bir söz deyim, meymunu da gətirimmi?”-dedi.
Sözün doğrusu, mən bunun həqiqi meymunu tamaşaya gətirilməsini düşünüb, ona: ,,meymunu niyə gətirirsən? Adam tapmırsan gətirməyə?”-deyə, etirazımı bildirdim.
Mən bunu deyəndə, o, gülməyə başladı.
Mənə həmişə ,,ay Ziba gözəl” dediyindən, bildirdi ki, ,,meymun” sözünü zarafatyana həyat yoldaşı Ziyafət xanıma deyir.
Hələ tamaşa başlamamışdan qabaq, mən teatrın foyesində dostum Salman müəllim, Mais Təmkinlə Etibar Qocanı Ziyafət xanımla qarşılamalı olduq.
Salman müəllim Ziyafət xanımı çoxdan tanıdığını, yaşadığı Maştağa qəsəbəsində riyaziyyat müəlliməsi işlədiyini dedi.
Biz tamaşaya baxdıqdan sonra, xəstə olduğuna görə, Əməkdar Artist, səhnəmizin Ərəbzəngisi Sahibə Əhmədovaya baş çəkməli olduq.
Sahibə xanımla bir saata yaxın oturub, hal-əhval soruşandan sonra, Etibarla Ziyafət xanımı maşınla evlərinə aparmalı oldum.
Qayıtmaq istəyəndə Etibar Qoca Ziyafət xanımla bizi buraxmadılar.
Evə dəvət edib, yemək hazırlayıb, süfrə açdılar.
Mahnılar oxuduq, şeirlər səsləndirdik.
Beləliklə, xoş xatirəyə dönən daha bir görüşümüz gözəl əhval-ruhiyyə ilə yadda qaldı.
Geçən il pandemiya dövründə tədbirlərin qadağan edildiyi vaxtlarda Etibarın məndən Fatma Mehrəliyeva kimi bir ,,Kəsmə-şikəstə” oxumağımı istəməsi, məni çox duyğulandırdı.
Mən istədiyi ,,Kəsmə-şikəstə”ni oxyub, ona göndərdim.
Sən demə, həmin vaxtlarda çox ağır xəstə imiş.
Arzularının yarımçıq, şikəst olduğunu öncədən hiss edirmiş.
Sosial şəbəkədə vaxtsız dünyasını dəyişmısini görəndə, buna inanmadım.
Belə bir insanın ölümünə çox sarsıldım.
Ölümündən sonra ,, Ziba gözəl, mənə bir ,,Kəsmə-şikəstə” oxu, göndər” son səsiylə bir video düzəldib sosial şəbəkədə paylaşdım.
40 mərasimində dostum Salman müəllimlə, həyat yoldaşı Ziyafət xanımla mərhumun qəbrini ziyarət etdik.
Ruhuna dualar oxuduq.
Etibarsız dünyada bir Etibarlı dostumuzu da çox vaxtsız itirdik.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!

MM.AZ

12.10.2021
Ziba Sevindik