Azərbaycan torpağının igid oğlu, mərd zabit, vətənə sədaqətin canlı nümunəsi – Polkovnik İlqar Mirzəyev adı qəhrəmanlıq salnaməmizə qızıl hərflərlə yazılmışdır. O, ömrünü hərb sənətinə, dövlətinə və xalqına xidmətə həsr etmiş, şərəfli zabit yolu ilə minlərlə gəncə örnək olmuşdur.
İlqar Mirzəyev təkcə yüksək rütbəli hərbçi deyil, həm də böyük ürək sahibi, prinsipial komandir, əsgərlərinin qayğısına qalan ata kimi rəhbər idi. Onun cəsarəti, qətiyyəti və peşəkarlığı döyüş meydanında hər zaman seçilmişdir. O, Vətənin təhlükəsizliyi naminə ən çətin məqamlarda ön sırada dayanaraq əsl Azərbaycan zabitinin necə olmalı olduğunu göstərmişdir.
14 iyul 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Polkovnik İlqar Mirzəyev xalqımızın qəlbində əbədi yaşayır. Onun qəhrəmanlığı Azərbaycan əsgərinin ruhunu yüksəldən, milli birliyimizi möhkəmləndirən müqəddəs bir nümunədir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən ona “Azərbaycan Milli Qəhrəmanı” adı verilməsi onun şərəfli ömrünün və igidliyinin dövlət səviyyəsində ən ali qiymətidir.
İlqar Mirzəyev – bu ad mərdlik deməkdir.
Bu ad şərəf deməkdir.
Bu ad Vətənə sonsuz sevgi deməkdir.
Ruhu şad olsun! 

MUASİRMEDİA.AZ
