Nazirlər Kabineti “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı problemli aktivlərin satışı və idarə olunması ilə bağlı Müsabiqə Komissiyasının tərkibində dəyişiklik edib.
Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, Komissiyaya sədrlik edən maliyyə nazirinin keçmiş müavini Azər Bayramov bu vəzifədə nazirin birinci müavini Anar Kərimovla əvəz olunub.
Anar Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə ABŞ-ın Vaşinqton şəhərində yerləşən Amerika Universitetində beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb.
Əmək fəaliyyətinə 2001-ci ildə ABŞ-Azərbaycan Ticarət Palatasında hüquqşünas kimi başlayıb. 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyində iqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib vəzifələrində çalışıb. 2005–2006-cı illərdə Azərbaycanın İsveçrədəki səfirliyində üçüncü katib, 2007–2010-cu illərdə isə Səudiyyə Ərəbistanında yerləşən İslam İnkişaf Bankında Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas olub.
2010–2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyində xarici investisiyalar və iqtisadi əlaqələr üzrə şöbələrdə şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib. 2011–2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə fəaliyyət göstərib.
A.Kərimov Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür, Azərbaycan–Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan–İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. Hüquq elmləri namizədi olan Anar Kərimov Bakı Dövlət Universitetində hüquq fakültəsinin ingilis dilli magistratura proqramında müəllim kimi də fəaliyyət göstərib.
2019-2025-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2025-ci il tarixli Sərəncamı ilə maliyyə nazirinin birinci müavini təyin olunub və hazırda həmin vəzifədə çalışır. İngilis, fransız və rus dillərini bilir. Evlidir, üç övladı var.
MUASİRMEDİA.AZ
