Azərbaycanda ailə anlayışı hər zaman cəmiyyətin əsas dəyərlərindən biri hesab olunub.
Əvvəllər bir çox ailələrdə 3-4 və daha çox uşağın olması adi hal kimi qəbul edilirdi. Son illərdə isə ailələrin uşaq sayı ilə bağlı qərarlarında müəyyən dəyişikliklər müşahidə olunur.
Bu dəyişikliklərin əsas səbəblərindən biri ailələrin maddi imkanlarıdır. Uşağın böyüdülməsi, təhsili, sağlamlığı, geyimi və digər ehtiyacları ailədən ciddi maliyyə tələb edir. Xüsusilə böyük şəhərlərdə mənzil, ərzaq və digər gündəlik xərclərin artması ailələrin gələcək planlarına təsir göstərə bilər.
Digər tərəfdən, qadınların təhsil alması və əmək bazarında daha fəal iştirak etməsi də ailə modelinə təsir göstərən amillərdəndir. Bir çox qadın həm peşə fəaliyyəti qurmaq, həm də ailə həyatı yaşamaq istəyir. Bu isə uşaqların sayının planlaşdırılmasına səbəb ola bilər.
Ailələrin uşaq sayına dair qərarına yalnız maddi vəziyyət deyil, mənzil şəraiti, sosial təminat, iş imkanları və gələcəyə inam kimi amillər də təsir edir.
Soxuşaqlı ailələrin sayının artırılması üçün yalnız çağırışlar deyil, ailələrin sosial və iqtisadi imkanlarını yaxşılaşdıran uzunmüddətli tədbirlər də əhəmiyyətlidir.
MUASİRMEDİA.AZ
