Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna cəbhəsində atəşkəs baş tutması üçün Kremlin adından gözəl, həm ürəkaçan şərtlər irəli sürüb. Bunları Macarıstan qəzetinə müsahibədə deyib:
1. Rusiya üzərinə qoyulmuş bütün sanksiyalar ləğv edilsin. 2 .Rusiyanın xaricdə üzərinə həbs qoyulmuş və ya dondurulmuş əmlakları, eynilə aktivləri geri verilsin 3. Rusiyaya qarşı törətdiyi ziyanlara görə açılan bütün məhkəmə iddiaları geri götürülsün. 4. Ukraynanın 4 halal regionu Donetsk, Luqansk, Xerson, Zaporojye mütləq(!) beynəlxalq tərəfdən Rusiyanınkı kimi tanınsın. 4-cü bəndə baxın, deməli, Ukrayna qalsın, xeyli ölkə yığışıb qol çəkib, buna 4 bölgəni verməlidi.
Gör bir, iştahanın, ambisiyanın dərəcəsinə bax! Elə bil, 3-cü dünya müharibəsini udub, Kiyevi də vurub keçib düz Berlini, Londonu alıb, Avropanı, dünyanı da diz çökdürüb! 4 ildən çoxdur, işğala, müharibəyə başlayıb, bütün varını-yoxunu töküb ortaya, 1 milyon əsgərini qırdırıb, iqtisadiyyatını, maliyyəsini çökdürərək, Şimali Koreyanın, İranın silahı ümidinə qalıb, axırda da deyir, gəl atəşkəs edək və düzəlişək. Bəs hanı qələbə, Ukraynanın hərbsizləşdirilməsi, millətsizləşdirilməsi, Kiyev?
İndi də, Tramp tam rəsmi bəyan etdi ki, Putinin hikkə, ambisiyası yerə-göyə sığmır, ağılasığmaz şərtlər irəli sürür, belə görünür ki, fikri və həvəsi müharibəni davam etdirməkdir. Gərək onda, biz də Ukraynanı güclü silahlarla və hər cür təminlə gücləndirək, Putin qoy, həvəsi ölüncə vuruşsun!
Bunun ardınca, dərhal ABŞ Müdafiə Nazirliyinin bəyanatı yayıldı ki, “Prezident Trampın göstərişi ilə, Müdafiə Nazirliyi Ukraynaya əlavə və xüsusi silahlar göndərir ki, Ukrayna özünü tam müdafiə edə bilsin”. Və belə görünür ki, Amerika Müdafiə Nazirliyi artıq bu addım üçün tam hazırlıqlı imiş və yalnız son prezident “təlimatını” gözləyirmiş. Yəni, Ukraynanı gücləndirmə planı çoxdan imiş.
Buna üstəlik də öz hərbi büdcəsini 800 mlrd-a çatdırma qərarı verən Avropa Birliyi (Rusiyanın 120 mlrd) kimi nahəngin, canla-başla Ukrayna arxasında tam qətiyyətli durma mövqei nəzərə alınsa, Rusiyanın, Lavrovun bu cür ağlasığmaz ambisiyalı şərtləri gülünc, acınacaqlı görsənir. Bu cür qeyri-real düşüncələr, spontan qərarlar və yanlış addımlar məğlubiyyəti qaçılmaz edir.
MM.AZ