Tanınmış azərbaycanlı qadınlar _Firəngiz Şərifova

Mədəniyyət
Firəngiz Abbasmirzə qızı Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. Atası aktyor, teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadə[1] (1893–1938), anası Mərziyyə Davudova (1901–1961) idi. Səkkiz yaşında Azərbaycan məktəbinin birinci sinfinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinfində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub.
1941-ci ildə ailəsinin yaxın dostu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprano səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub.
Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında “Oqtay Eloğlu”nda Sevər və bir az sonra “Sevil”də Gündüz rollarında çıxış edib. Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub. 1949-cu ilin əvvəllərində bu sənət ocağı məcburi özünümaliyyələşdirmə iş üsuluna keçirildiyinə görə müvəqqəti bağlanıb. Firəngiz xanım Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktrisa kimi işləməyə başlayıb. Tezliklə teatrın repertuar ağırlığını çəkən əsas aktrisalardan biri olub. Anası Mərziyə xanım xəstə olanda görkəmli aktrisaya anadan doğulmasının altmış illiyi munasibətilə təntənəli yubiley keçirilib. Yubileydən sonra Firəngiz Şərifova 1960-cı il may ayının 5-də Akademik Milli Dram Teatrına işə götürülüb. O, bu sənət ocağında 1965-ci il aprel ayının 1-nə qədər işləyib və qısa müddət ərzində parlaq sənət hadisəsinə çevrilən obrazlar yarada bilib.
1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb və 2001-ci ilədək oranın aparıcı sənətkarı olmuşdur.
Firəngiz xanım Abbasmirzə qızı Şərifzadə milli səhnə mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə, qazandığı sənət qələbələrinə görə 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti və 25 dekabr 1969-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildən prezident təqaüdçüsü olub. 20 fevral 2014-cü il tarixdə Bakıda vəfat etmişdir
bir veya daha fazla kişi görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir