Məncə bu biyabırçıllğa son deməyin əsil zamanıdır.Əslində bu fikir hamının ürəyincədir.
Sadəcə bu işdə ilk addımı kim atacaq, körpüdən ilk keçən kim olacaq məsələ budur. Toy xalqımızın ən gözəl adətlərindən biridir. Toy ona görə edilir ki, övladlarımız ailə qursun, ev-eşik sahibi olsun, müstəqil həyata başlasın. Amma təəssüf ki, bu gün bir çox hallarda toy öz mahiyyətini itirib, nümayiş və israf yarışına çevrilib. Bu gün toylarda verilən yeməklərin sayı, çeşidi və miqdarı ifrat dərəcəyə çatıb. Süfrələrə elə cürbəcür yeməklər düzülür ki, nə yeyən çatır, nə də yeyilən yeyilir. Axırda da bişmiş yemək tullantıya gedir. Bu isə təkcə maddi yox, həm də mənəvi biabırçılıqdır. Toydan yığılan pulların məqsədi nədir? Məqsəd odur ki, gənc ailə həmin pulla ev alsın, ya da heç olmasa ev tiksin, məişət xərclərini qarşılaya bilsin. Amma reallıq tamam başqadır. Toydan yığılan pullar gedir: şişirdilmiş restoran,şadlıq menyularına, baha musiqiçilərə, əsassız bəzək-düzəyə, artıq-əskik yeməyə, sonradan zibilə atılan süfrələrə. Nəticədə nə olur? Gənc ailə toydan sonra borc içində qalır. Qız üçün alınmalı olan qızılın, geyim-keçimin pulu belə çatmır. Toy bitir, amma problemlər yeni başlayır. SSRİ dövründə toylarda bir kasa bozbaş, bir qab plov verilirdi. Heç kim də demirdi ki, ayıb oldu, az oldu. Hamı bilirdi ki, əsas olan süfrə yox, ailənin qurulmasıdır. İndi isə təmiz açıq-aşkar israfçılıqdır və bunu “adət” adı ilə ört-basdır etməyə çalışırlar. Bu yolun axırı yoxdur. Buna son qoymaq lazımdır. İsrafçılığın qarşısını almaq üçün konkret plan Toy menyularına məhdudiyyət qoyulmalıdır – Yemək çeşidlərinin sayı 2-3 əsas yeməklə məhdudlaşdırılmalıdır. – “Nə qədər çoxdursa, bir o qədər yaxşıdır” düşüncəsi qırılmalıdır. Restoranlar,şadlıqlar üçün standart toy paketləri tətbiq olunmalıdır – Sadə, orta və minimal paketlər olsun. – Şişirdilmiş, lazımsız menyular reklam olunmamalıdır. Maarifləndirmə aparılmalıdır – Molla, ziyalı, ağsaqqal, ictimai xadimlər bu mövzuda açıq danışmalıdır. – Toyun məqsədinin süfrə yox, ailə qurmaq olduğu vurğulanmalıdır. Ailə böyükləri məsuliyyət daşımalıdır – “El nə deyər” düşüncəsi ilə gəncləri borca salmaq düzgün deyil. – Valideynlər gənclərin yanında durmalı, yox, qarşısında deyil. Sadə toy edənlər qınanmamalı, əksinə nümunə göstərilməlidir – Az xərclə, səliqəli toy edən ailələr cəmiyyətdə hörmət qazanmalıdır. Toy pulu birbaşa gənc ailənin gələcəyinə yönəlməlidir – Ev, təhsil, iş qurmaq, məişət – əsas prioritet bunlar olmalıdır. Nəticə isə Toy süfrəsi ilə ölçülən hörmət, hörmət deyil. Zibilə gedən yemək, bərəkət gətirməz. Borcla başlayan ailə həyatının sonu da problemli olur. İsrafa yox deməyin vaxtı çoxdan çatıb. Əgər bu gün özümüzü düzəltməsək, sabah övladlarımız bunun əzabını çəkəcək. Bu günün aktual problemlərindən olan Boşanmaların başlıca səbəbi evsizlik,valideyinlər lə gənc ailələrin birgə yaşaması və gənclərin basqı altında olması da yuxarıda qeyd olunan fikirlərin göstəricisidir.
MUASİRMEDİA.AZ
Jurnalist:Fuad Qəhrəmanov.
