Bakının Suraxanı rayonunun Bahar qəsəbəsində tikilməkdə olan fərdi yaşayış evində uçqun baş verib.
Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Məlumata görə, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub. Bundan sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb ediliblər.
İlkin məlumata əsasən, tikilməkdə olan fərdi yaşayış evində beton plitələrin uçması nəticəsində insanlar dağıntılar altında qalıb.
Xilasedicilər xüsusi texnikanın və xilasetmə vasitələrinin köməyi ilə 1966-cı il təvəllüdlü Xəlil Şərif oğlu Mehdiyevi dağıntılar altından sağ çıxarıblar. O, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Dağıntılar altından 1969-cu il təvəllüdlü Cəlil Şərif oğlu Mehdiyevin isə meyiti çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Hadisə bir daha tikinti işləri zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyini gündəmə gətirir.
MM.AZ
