Bakıda yaşayan bu bədəməl qoca üç uşaq anası olan gəlinini bıçaqla deşik-deşik edib. Nədir-nədir gəlini ondan icazə almadan evdən çölə addım atıb. Məhkəmə qurulub, cəzası kəsilib, bu heç.
Di gəl ki, xəbərin altından yazılan rəylərdən yetmiş-səksən faizində qocaya açıqdan-açığa haqq qazandırılır, öldürülən qadını tanımaya-tanımaya əxlaqi cəhətdən ayıb və çirkli bir əməldə günahlandırırlar. Biri deyir, düz edib bıçaqlayıb, başqa biri deyir, bəs necə olmalıydı?..
Hələ bir yaşlı kişi iri şriftlərlə yazıb ki, azadlıqla özbaşınalığı qarışdıran qadınlara görk olsun və cümləsini nidayla tamamlayıb. Əslində demək istəyir ki, mən də potensial qatiləm. Nə olsun ki, azadlıqdayam, gəlinimi balaca bir səhvindən ötrü o dünyalıq eləməyə hazıram.
Səd-əfsus ki, bu ölkə, bu cəmiyyət belə “həqarəti” özləri üçün dözülməz təhqir sayan və bundan ötrü bıçağa əl atan qocaman kişilərlə, həmin kişilərin əməlinə haqq qazandıracaq “abırlı ağbirçəklərlə” dolub-daşır.
MM.AZ
