İsraildə parlament seçkiləri hakimiyyət uğrunda mübarizəni yenidən ölkənin siyasi gündəminin mərkəzinə gətirib. Uzun illər İsrail siyasətinin əsas fiqurlarından biri olmuş Benyamin Netanyahu bu dəfə də ciddi rəqabətlə üz-üzədir.
Onun qarşısında dayanan əsas rəqiblərdən biri keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət blokudur. Mübarizənin nəticəsi yalnız partiyaların seçkidə topladığı səslərdən deyil, həm də onların parlamentdə ortaq çoxluq yaradıb-yarada bilməməsindən asılı olacaq.
Seçki kampaniyasının əsas mövzularından biri təhlükəsizlikdir. İsrail cəmiyyəti 7 oktyabr 2023-cü il hadisələrinin nəticələrini, Qəzza müharibəsini və regiondakı qarşıdurmaları hələ də müzakirə edir. Müxalifət hökumətin qərarlarına görə hesabatlılıq tələb etdiyi halda, Netanyahu tərəfdarları ölkənin təhlükəsizlik çağırışlarını ön plana çəkirlər.
Digər mühüm məsələ ultraortodoks yəhudilərin hərbi xidmətə cəlb olunması ilə bağlı mübahisələrdir. Bu məsələ həm siyasi partiyalar arasında, həm də cəmiyyət daxilində fikir ayrılıqlarını dərinləşdirib.
Lakin seçkilərin nəticəsini indidən qəti şəkildə müəyyənləşdirmək mümkün deyil. Hətta müxalifət daha çox səs qazansa belə, hökumət qurmaq üçün parlamentdə müttəfiqlər tapmalıdır.
Netanyahu üçün əsas sınaq təkcə seçicilərin səsini qazanmaq deyil, seçkidən sonra hakimiyyəti davam etdirməyə imkan verən parlament çoxluğunu formalaşdırmaqdır.
MM.AZ
