ABŞ-ın Nyu-York şəhərindəki məşhur Central Parkda 39 yaşlı qadın bıçaqla hədələnərək ağaclıq əraziyə aparılıb və zorlanıb. Hadisədən sonra qaçan şübhəlinin təhlükəsizlik kameralarına düşən görüntüləri araşdırılır.
Hadisə oktyabrın 24-də, yerli vaxtla saat 20:30 radələrində Manhettendə, East 66th Street və Fifth Avenue yaxınlığında baş verib. Kimliyi müəyyənləşdirilməyən kişi qadını bıçaqla hədələyərək parkın kimsəsiz hissəsinə aparıb və ona qarşı cinsi zorakılıq törədib.
Şahidlərdən birinin 911-ə zəng etməsindən sonra hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları göndərilib. Şübhəli parkın qərb istiqamətinə qaçıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin stabil olduğu bildirilir.
Polis şübhəlinin 30 yaşlarında olduğunu, hadisə zamanı qara kapüşonlu geyim, qara şalvar geyindiyini və qara bel çantası daşıdığını açıqlayıb. Təhlükəsizlik kameralarının görüntülərinin aydın olmaması onun müəyyənləşdirilməsini çətinləşdirir.
Polis məlumatlarına görə, 2026-cı ilin əvvəlindən oktyabrın 18-dək Central Parkda dörd zorlama hadisəsi qeydə alınıb. Son hadisə ilə bu rəqəm beşə yüksəlib. Ötən ilin eyni dövründə üç belə hadisə baş verib.
Bundan təxminən bir həftə əvvəl, oktyabrın 18-də, 32 yaşlı qadın da parkın West 93rd Street yaxınlığında üç kişinin hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücum edənlər qadını döyərək çantasını götürüb qaçıblar.
Nyu-York meri Zohran Mamdani şəhər sakinlərinin günün istənilən saatında təhlükəsiz hərəkət edə bilməli olduğunu vurğulayıb. Polis hər iki hadisə ilə bağlı araşdırmanı davam etdirir. Son hücumla əlaqədar hələlik heç kim saxlanılmayıb.
MM.AZ
