Millət vəkili bildirib ki, Sahibə Qafarova ona bildirdiyi iradda haqlı olub: “Cəmiyyət səhv edir. Cəmiyyət bu işə niyə qarışır axı?
Mən demişəm, xanım sədr də mənə haqlı irad bildirib. Çünki mən orada mövzudan kənara çıxmışam. Cəmiyyətdə indi kiminsə kimdənsə xoşu gəlir və ya gəlmir, başlayırlar iki yerə bölünməyə. Hər kəs öz fikrini bildirməkdə azaddır. Mən özümə ev istəməmişəm, sadəcə demişəm ki, məcburi köçkün statusuna yenidən baxılsa, yaxşı olar. Ağdamda işlər yekunlaşanda 20 min ev tikilmiş olacaq, elə o 20 min ev mənim evim deməkdir. Hər bir ağdamlının evi elə mənim evimdir.Qeyd etdiyim kimi, bu məsələdə cəmiyyətin iki yerə bölünməsi səhvdir. Hörmətli Sahibə xanım bizim sədrimizdir və irad bildirməkdə haqlı idi. Çünki o an “Pulsuz hüquqi yardım haqqında” qanunun müzakirəsi idi. Mən o fikirlərimi cari məsələlərlə bağlı deputatlara yarım saat vaxt ayrılanda bildirməli idim.
Bu dəqiqə ev şəhid ailələrinə və müharibə veteranlarına verilir.
Mərhələli şəkildə yəqin ki, digər köçkünlərə də ev düşəcək. Yəni bunu böyütmək düz deyil. Kimsə bekardır, kiminsə kimdənsə xoşu gəlmir, mövzunu başqa yerə yozmaq düz deyil. Ağdam sürətlə bərpa edilir. Mən də gedib-gəlirəm. Bütün Qarabağda evlər tikilir. Bu, asan iş deyil”.
92-ci ildə öz qəzetində “Filankəs hələ də filan rayonun icra başçısı, filan idarənin, komitənin rəhbəri vəzifəsindədir?” yazıb başını sadəliklə dolandıran Aqil Abbas, bu günsə dövlətin ona yaratdığı şəraitlə Ağdam ya, ölkənin istənilən yerində, indi eşidirəm ki, 30 ədəd ev ala bilmə imkanında olduğu halda, parlamentdə açıqca dövlətdən ev tələb etdikdə düşünməli idi, təbii ki, başa salınacaq. Hətta, o dərəcədə ki, çıxışı sonrası ona qayğısı gəlib müdafiəsində duran cəmiyyətə də qayıdıb hələ, irad tutmalı olacaq. Nə lazım idi daha artıq maddiyyat üçün özünü dövlətin də, cəmiyyətin də yanında, pis etmək?
Ev istəyən deputata Sahibə Qafarovadan sərt etiraz: “Niyə ləkə salırsınız?”
Milli Məclisin deputatı Aqil Abbas Ağdam və Füzulidən olan, lakin hazırda başqa ərazilərdə yaşayan şəxslərin doğma torpaqlarında tikilən evlərdən mənzil ala bilməməsi məsələsini gündəmə gətirib.
Deputat parlamentin plenar iclasında çıxışı zamanı bildirib ki, atasından miras qalan, Ağdam şəhərinin mərkəzində yerləşən 6 otaqlı evin və 8 sot torpaq sahəsinin yerində yeni binalar tikilsə də, ailənin heç bir üzvünə mənzil ayrılmır.
Aqil Abbas ailədə beş bacı və iki qardaş olduğunu vurğulayaraq, onların da doğma şəhərlərində ev sahibi olmaq istədiklərini bildirib.
Deputatın sözlərinə görə, ailə üzvlərinin bir qismi evlilik və iş səbəbindən başqa şəhərlərə köçüb, nəticədə Ağdam üzrə əvvəlki qeydiyyatlarını itiriblər.
Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın fikirlərinə etiraz edib və görülən bərpa-quruculuq işlərinə kölgə salınmasını düzgün hesab etmədiyini bildirib.
“Bu qədər iş görülür, niyə siz ləkə salırsınız? Ağdama ağdamlılar köçməyəndə kim köçür? Haradan, hansı ölkədən gətirib məskunlaşdırırlar?” – deyə Sahibə Qafarova bildirib.
Spiker əlavə edib ki, deputat bu məsələni qanun müzakirələri zamanı qaldıra və aidiyyəti şəxslərlə müzakirə edə bilərdi.

