Əsrinin böyük mütəfəkkiri olan şairimiz Şamaxıda dünya ilə görüşə gəlib, həyat və yaradıcılığının bir hissəsi bu şəhərlə sıx bağlı olub.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) qədim dövr Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, məşhur Nəsimişünas Əli Fəhmi böyük şairin həyat və yaradıcılığını sevə-sevə tədris edir, onu tələbələrinə də sevdirirdi. Əli Fəhmi onun qəzəllərini saatlarla və əruz vəzninin özünəməxsus ahəngi ilə elə gözəl söyləyirdi ki, hamımız diqqət kəsilirdik. Sevimli müəllimimiz deyirdi ki, Nəsiminin Şahxəndan adlı böyük qardaşı vaxtsız vəfat etdiyindən bu ölüm onu sarsıtmış, bir çox qəzəllərində onu anmışdı. Şahxəndan el-obada güclü təsirə və hörmətə malik olduğundan onun dəfn olunduğu qəbiristanlığı “Şaxandan” (Şahxəndan) adlandırmışdılar.
Nəsimi bədii vəsiyyətnaməsində belə yazıb: Mən öləndə Şaxandanda basdırın, Çünki onun Şahidi-Xəndanı var.
Şahxəndanın dəfn olunduğu yer müqəddəs sayıldığı üçün dövrünün üləmaları, hörmətli şəxsiyyətləri də “Şaxandan qəbiristanlığı”nda dəfn olunurdular. Bu, o zaman böyük şərəf sayılırdı. Yada salaq ki, Azərbaycan ədəbiyyatının məşhur simalarından biri olan şair Seyid Əzim Şirvani və bir çox tanınmış şəxsiyyətlər bu qəbiristanlıqda dəfn olunublar.
MUASİRMEDİA.AZ