MUASİRMEDİA.AZ xəbər verir ki, 10 fevral – “Azərişıq” ASC-nin 10 illik yubileyi ilə əlaqədar keçirilən media-tur çərçivəsində 50 nəfərədək KİV nümayəndəsi Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi ilə tanış olub. Burada qonaqlara yeni yaradılan mərkəzlə bağlı məlumat verilib. Bildirilib ki, Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı ötən il oktyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Müasir texnologiya və avadanlıqlarla təchiz olunan Mərkəzdə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, idarəetmə, texniki və köməkçi otaqlar yerləşir. Mərkəzin elektrik təchizatı üçün110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib. Daha sonra media nümayəndələrinin iştirakı ilə Mərkəzdə konfrans keçirilib. Tədbiri giriş sözü ilə Səhmdar Cəmiyyətin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev açıb. O, “Azərişıq” ASC-nin təşkil etdiyi və qurumun 10 illik yubileyinə həsr olunmuş müsabiqə barədə məlumat verib. Bildirib ki, “İşğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələr” mövzusunda media nümayəndələri arasında keçirilən müsabiqəyə müraciət qəbulu fevralın 14-dək davam edəcək. “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək 2015-2025-ci illər ərzində “Azərişıq” ASC-nin keçdiyi inkişaf yoluna qısa nəzər salıb. Bildirib ki, qarşıya qoyulan əsas hədəflərdən biri Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunandan dərhal sonra elektrik şəbəkəsinin yenilənməsi idi. Cəmi 1 ayda Şuşa şəhəri elektrik enerjisi ilə təmin olundu. Həmçinin digər regionlarda reallaşan 100 kənd layihəsi əsasında 2023-cü ildə 140-dək, 2024-cü ildə 120-dən çox kənd və qəsəbələrdə elektrik təsərrüfatı yenilənib. 2025-ci ildə də bu layihə uğurla davam etdirilir.
MUASIRMEDIA.AZ
Yaqub Mehdioğlu Zəngilan