Həsən bəy Zərdabinin həyat yoldaşı,ilk maarifçi xanım ziyalımız Hənifə Məlikovadır

Tarix
Azərbaycan milli mətbuatının banisi, təbiətşünas-alim Həsən bəy Zərdabinin həyat yoldaşı, ilk maarifçi xanım ziyalımız Hənifə Məlikovadır.
Hənifə xanımın adı (1856-1929) Azərbaycanın ilk maarifçi qadınlarından biri və ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı kimi milli mədəniyyət tariximizdə daim ehtiramla yad edilir…
Azərbaycanda 1908-ci ildə yaradılan ilk qadın xeyriyyə cəmiyyətinin xətti ilə gördüyü işlər, qadınlarımızın maariflənməsi, hüquqlarının müdafiəsi, onlara maddi və mənəvi qayğı göstərilməsi, cəmiyyətdə layiqli yer qazanmaları üçün Hənifə xanımın xidmətləri danılmazdır. O, həmçinin XX yüzilin ictimai qurumları içərisində məşhur olan “Nicat” cəmiyyətinin yaradıcılarından biri kimi xalqımıza mədəni-maarif sahəsində misilsiz xidmətlər göstərmişdir. Bununla yanaşı, Hənifə Məlikova 1901–1905-ci illərdə Bakıda Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə yaradılan ilk müsəlman qız məktəbinin müdirəsi vəzifəsini də icra etmişdir. Daha sonra o, 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdir vəzifəsində çalışmış, bir sözlə, ömrünü həyat yoldaşı Həsən bəy kimi xalqının maariflənməsinə, elm sahibi olmasına həsr etmişdir. Hənifə Məlikova 1929-cu ildə, may ayının 2-si dünyasını dəyişmişdir. İzdihamlı dəfn mərasimində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyov çıxış edərək demişdi: “Biz bu gün ağsaçlı ananı son mənzilə yola salırıq. Onun tərbiyə etdiyi, təhsil verdiyi övlad bir deyil, beş deyil, on da deyil – minlərlədir. Xalqımız Hənifə xanımın elədiyi xeyirxahlığı, təmənnasız yaxşılığı heç vaxt unutmayacaq”.
Hənifə xanım ilk vaxtlar adi şəhər qəbristanlığında, daha dəqiq desək, qədim Çəmbərkənd qəbristanlığında dəfn olunmuşdu. Lakin 1948-ci ildə Mir Cəfər Bağırovun tapşırığı ilə paytaxt ərazisində I Fəxri xiyaban yaradıldı və Hənifə xanımın məzarının yeri dəyişdirilərək, həyat yoldaşı Həsən bəy Zərdabinin yanında dəfn olundu…
1 kişi görseli olabilir
MUASIRMEDIA.AZ
MƏCID RƏŞADƏTOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir