Hüquqşünas və mediator Zaur Quliyev bu barədə sualları cavablandırdı.
Ailədaxili münasibətlərin pozulması halları artdıqca, boşanma ilə bağlı suallar da aktuallaşır.
Belə suallardan biri isə budur: “Boşanmaq üçün kim birinci müraciət etsə, daha yaxşıdır?”
Bu mövzu ilə bağlı hüquqşünas və mediator Zaur Quliyev ilə həmsöhbət olduq.
– Hüquqi baxımdan ilk müraciət edən tərəf üstünlük əldə edirmi?
Zaur Quliyev bildirir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, kim birinci müraciət edir sualının hüquqi nəticələrə təsiri yoxdur. Yəni boşanma prosesində hər iki tərəfin hüquqları bərabərdir. Lakin praktik və psixoloji baxımdan müəyyən üstünlüklər ola bilər.
– Bu üstünlüklər hansılardır?
“Əvvəla, birinci müraciət edən şəxs psixoloji və taktiki baxımdan daha hazırlıqlı olur. Adətən həmin şəxs əvvəlcədən hüquqşünasla məsləhətləşir, mövqeyini formalaşdırır və prosesə nəzarət imkanları qazanır. Həmçinin iddiaçı himayəsində azyaşlı övladı olduğu üçün məhkəməni yaşadığı yerə uyğun seçə bilər ki, bu da praktik rahatlıq yaradır”, – deyə Zaur Quliyev vurğulayır.
– Demək, ilk addımı atan tərəf “qalib gəlmiş sayılır”?
Zaur Quliyevin sözlərinə görə, bu fikir yanlışdır. Boşanma prosesində üstünlük təkcə ilk müraciət edən tərəfdə olmur. Əsas olan – hüquqi əsasların möhkəmliyi, sübutların toplanması, tərəflərin mövqeyinin aydın olmasıdır. Əgər bir tərəf emosional qərarla, düşünmədən məhkəməyə müraciət edibsə, sonradan bu, onun mövqeyinə zərər də verə bilər.
– Bəs bu halda mediatorun rolu nə olur?
Zaur Quliyev hesab edir ki, əgər tərəflər arasında barışıq ehtimalı varsa, mediasiya prosesi boşanma iddiasından əvvəl mütləq düşünülməlidir. “Bəzən ailə daxilində yaşanan anlaşılmazlıqlar ünsiyyət çatışmazlığından qaynaqlanır. Mediatorlar məhz bu ünsiyyəti bərpa etməyə kömək edə bilər. Boşanma isə, yalnız son variant olmalıdır.” Müsahibənin sonunda hüquqşünas və mediator Zaur Quliyev oxuculara bir daha xatırlatdı: “Kim birinci müraciət edəcək?” sualından daha vacib olan, bu qərarın nə qədər əsaslı və düşünülmüş olmasıdır. Hüquq və insanlıq bir arada olmalıdır.”
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN