Bakı Mühəndislik Universitetində (BMU) 27 Sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunan konfrans keçirilib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, BMU-nun rektoru Yaqub Piriyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, şəhid ailələri və universitetin tələbə və müəllim kollektivi iştirak edib.
İştirakçılar əvvəlcə universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
Açılış mərasimində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Zəfər yolu tarixi ilə bağlı videoçarx izlənildikdən sonra çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabrın doğma torpaqlar uğrunda canlarını qurban verən Vətən övladlarının xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edildiyini bildirib. Beş il öncə başlayan və 44 gün davam edən müharibənin səbəbləri, uğurlu nəticələri, həmçinin 2023-cü ilin sentyabrında Ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunmasını diqqətə çatdıran rektor bu möhtəşəm Zəfərin şəhidlərin qanı, qazilərin cəsurluğu, xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində qazanıldığını deyib.Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 27 Sentyabr – Anım Gününü xalqımızın qəhrəman oğullarının xatirəsinə ehtiramın bariz nümunəsi adlandırıb. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin igidlik və qəhrəmanlığının gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olduğunu deyib. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsinə dövlətimizin göstərdiyi diqqəti önə çəkən Abdin Fərzəliyev Abşeron rayonunda bu istiqamətdə davamlı görülən işləri nəzərə çatdırıb. İcra başçısı dövlətimizin gücü və xalqımızın birliyi sayəsində qazanılmış tarixi Qələbənin daim qürur mənbəyimiz olacağını vurğulayıb.
27 sentyabrın canını Vətən yolunda qurban verən qəhrəmanlarımızın müqəddəs amalını yaşatmaq günü olduğunu bildirən Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından danışaraq hər bir dəstəyin onlara böyük mənəvi dayaq olduğunu deyib.
BMU-nun Memarlıq və inşaat fakültəsinin I kurs tələbəsi, 19 yaşında Azərbaycan Respublikasının ali hərbi təltifi – Vətən Müharibəsi Qəhrəmanı adını almış Azər Abdullazadə tankçı kimi müharibədə yerinə yetirdiyi hərbi vəzifələrindən, Ermənistan ordusunun müdafiə səddinin yarılmasında qəhrəman əsgərlərimizin göstərdiyi və əyani şahidi olduğu hadisələrdən danışıb. Dövlətimizin diqqətindən razılıqla bəhs edən Vətən Müharibəsi Qəhrəmanı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olmağı ilə fəxr etdiyini, ordumuzun həmişə müzəffər, dövlətimizin isə hər zaman qalib olacağına əminliyini söyləyib.Tədbirdə geniş məruzə ilə çıxış edən BMU-nun professoru, tarix üzrə elmlər doktoru Şikar Qasımov Anım Gününün tarixi əhəmiyyətindən, Azərbaycanı Qələbəyə aparan yoldan, Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbə xalqımızın mübariz ruhunu, şəhidlərimizin qəhrəmanlığını, dövlətimizin gücünü parlaq ifadə edir.
Mərasimin sonunda Vətən Müharibəsi şəhidi Ziyəddin Rəşidovun atası Arzu Rəşidov 60 illik yubileyi münasibətilə təbrik olunub və universitetdə təhsil alan şəhid ailələrinin üzvləri ilə xatirə fotosu çəkdirilib.
MM.AZ