Kinomuzun “Gülpəri”si, şıltaq aktrisa, tələbəsi ilə evlənən Sürəyya

Mədəniyyət

Kinomuzun “Gülpəri”si, şıltaq aktrisa, tələbəsi ilə evlənən Sürəyya Qasımovanın (1934-2005) sabah doğum günüdür. Xarici Dillər İnstitutunun Alman dili fakültəsini bitirib. Gürcüstanın yeniyetmələrdən ibarət basketbol komandasının üzvü, sonra kapitanı olub. Azarkeşlər onu “tatar balası” deyə çağırırdılar. Həm də gözəl səsə malik olan Sürəyya xalq mahnılarını və muğamları mahir ifa edirdi. 1956-1957-ci illərdə Bakıda keçirilən olimpiadada birinci yeri tutub. Məlahətli ifasını dinləyən Şövkət Ələkbərova onu “Balaca Şövkət” adlandırıb. Bədən Tərbiyəsi İnstitutunda dərs deyəndə tələbəsi, “Neftçi”nin məşhur futbolçusu Kamil Eynullayevlə tanış olub. Onlar bir neçə il sonra evlənirlər və 2 övladları dünyaya gəlir. Sürəyya xanımın rejissor Lətif Səfərovla təsadüfi görüşü onun “Qızmar Günəş altınd” filminə çəkilməsinə səbəb olur. “Qızmar günəş altında” Sürəyyanın ilk filmi idi. 1957-ci ildə “Aygün” (Şəfiqə rolu), “Kölgələr sürünür” (Afət), “Yeni il gecəsi” və s. filmlərdə baş rollarda çəkilir. Lakin Sürəyya xanımın keçirdiyi ağır avtomobil qəzası kino karyerasına son qoyur. Qəzadan sonra ona nə qədər filmə çəkilmək təklifi gəlsə də razı olmur və pedaqoji fəaliyyətlə məşğul olub. O, həyat yoldaşı ilə cəmi 26 il birgə ömür sürüb. Həyat yoldaşı Kamil Eynullayev digər 11 qardaşının hamısı kimi şəkər xəstəliyindən dünyasını dəyişib. Xərçəng xəstəliyindən və qaraciyər serrozundan əziyyət çəkən aktrisanın ölümündən çoxları məlumatsız olub.
MM.AZ