Xədicə xanım Qayıbova — Azərbaycanın ilk qadın pianoçularından biri və repressiya qurbanı

Tarix
Azərbaycan musiqi tarixinin görkəmli simalarından biri olan Xədicə xanım Qayıbova həm istedadı, həm də maarifçilik fəaliyyəti ilə yaddaşlarda qalan qadın ziya sahiblərimizdən biri idi.
İşıqlı fəaliyyəti, aydın yolu, cəhalət dolu Şərq mühitində parlayan əvəzsiz istedadı var idi. Lakin 1937–1938-ci illərin repressiya dalğası onun həyatını da məhv etdi. Zivər Əfəndiyeva — inqilabçı Sultan Məcid Əfəndiyevin həyat yoldaşı xatirələrində belə yazırdı: “Dustaqxana qadınlarla dolu idi. Əksəriyyəti ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbçilərin arvadları idi. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova da vardı. O, çox iradəli, şux qadın idi. Hərdən mahnı zümzümə edir, rəqs edirdi. Deyirdi: ‘Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb, amma özümü itirməyəcəyəm. Lap sürgünə də getsəm, orada musiqi klubu yaradacağam, oxuyub-oynayacağam.’”
Məlumata görə, Hacı Zeynalabdin Tağıyev Xədicə xanımın sənətinə və ziyalılığına böyük hörmət bəsləyib. Hətta ona üzərində öz şəkli olan servis və qiymətli brilyant üzük hədiyyə edib. 1920–1930-cu illərdə Azərbaycanda bir çox ziyalılar kimi Xədicə Qayıbovanın da həyatı repressiya tufanına düşür. Həyat yoldaşı Nadir Qayıbov “xalq düşməni” kimi həbs olunur. Daha sonra Xədicə xanım ikinci dəfə ailə qurur, lakin bu dəfə də bəxti gətirmir. İkinci əri Rəşad Qayıbov 1933-cü ildə həbs edilir, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad olunur.
Eyni il Xədicə xanım da casusluqda və türkçülük ideyalarını yaymaqda ittiham olunur. Sübut tapılmadığı üçün 3 ay sonra azad edilir. Ancaq 1937-ci ildə həyat yoldaşı yenidən həbs edilir və geri qayıtmır. 1938-ci ildə isə “xalq düşməni” damğası ilə güllələnir…

MUASİRMEDİA.AZ

Məcid Rəşadətoğlu.