Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair – publisist Sadiq Qaranın anım günüdür.

ƏDƏBİYYAT
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair – publisist Sadiq Qara  Gəncə Kənd Təsərrüfatı Akademiyasını, Bakı Ali Partiya Məktəbini bitib.
Ümummili lider Heydər Əliyevin ölkəmizə ilk rəhbərliyi dövründə, onun təyinatı və göstəşi ilə uzun müddət fərqli rayonlarda müxtəlif məsul vəzifələrdə: redaktor, Xalq Nəzarəti Komitəsinin sədri və s. çalışıb, eyni zamanda elmi, ədəbi, publisistik fəaliyyətlə də məşğul olub. Tarix və toponimikaya aid tədqiqatların, bir neçə elmi, publisistik, ədəbi-bədii əsərin müəllifidir.

Soruşursan: kiməm, nəyəm? –
Məhəmmədin ümmətiyəm.
Nə sünnüyəm, nə şiəyəm,
Məhəmmədin ümmətiyəm.
Ulu türkün balasıyam,
Haqq sazını çalasıyam.
Sur dinənə qalasıyam,
Məhəmmədin ümmətiyəm.
Hasarıyam ədalətin,
Bulağıyam səxavətin,
Ocağıyam sədaqətin, –
Məhəmmədin ümmətiyəm.
Fani dünya qoca pirdi,
Tək Allaha bəlli sirdi…
Kitabım bir, Tanrım birdi, –
Məhəmmədin ümmətiyəm!
Yanvar, 1999 – cu il
***
Şükür olsun qüdrətinə,
Qüdrətinin hikmətinə,
Hikmətinin siqlətinə:
Allah əkbər, Allah əkbər!
Nə mələkdir, nə insandır,
Nə qocadır, nə cavandır,
Yaradandır, yaşadandır:
Allah əkbər, Allah əkbər!
Ömrü ucsuz zamandır o,
Zamandır o, məkandır o,
Həyata ilk təkandır o:
Allah əkbər, Allah əkbər!
Dünya fani, o əbədi,
Laməkandır yeri, səddi,
Sadiq Qara, gözlə həddi…
Allah əkbər, Allah əkbər!
1992 – ci il
MUASİRMEDİA.AZ