İranın ali dini rəhbəri Əli Xameneiyə ABŞ və ya İsrail tərəfindən hücum ediləcəyi təqdirdə “Amerika və İsrailə qarşı qlobal miqyasda ümumi cihadın” elan olunacağı bildirilib.
Bu barədə İran rəhbərliyinin Ali Ekspertlər Şurasının üzvü, ayətullah Möhsün Əraki açıqlama verib. Onun sözlərinə görə, belə bir hücum baş verərsə, “heç bir amerikalı və ya sionist siyasətçi təhlükəsiz olmayacaq”.
Əraki iddia edib ki, ABŞ və İsrailə məxsus diplomatik nümayəndəliklər, iqtisadi obyektlər və hərbi bazalar hədəfə çevriləcək. O, həmçinin bildirib ki, elan ediləcək cihad “hər bir müsəlmanın borcu” hesab olunacaq.
İran rəsmisinin sözlərinə görə, bu çağırış təkcə ABŞ və İsrailə qarşı deyil, eyni zamanda üç Avropa ölkəsinə — Fransa, Böyük Britaniya və Almaniyaya qarşı da ediləcək.
Rəsmi Vaşinqton, Təl-Əviv və adı çəkilən Avropa ölkələri Ərakinin açıqlamalarına hələlik münasibət bildirməyiblər.
Açıqlama regionda onsuz da gərgin olan siyasi və təhlükəsizlik vəziyyəti fonunda səsləndirilib.

MUASİRMEDİA.AZ
