XX əsrin əvvəllərində Azərbaycan qadınlarının həyatında təsirediçi rol

Tarix
XX əsrin əvvəllərində Azərbaycanda milli mətbuatın inkişafı, demokratik fikrin yayılması, milli ruhun güclənməsi Azərbaycan qadınlarının həyatında təsirediçi rol oynadı. Qadınlar da fikir meydanında olmaq, yazıb-yaratmaq arzusunda idilər. Bu sahədə ilk addımı Şəfiqə xanım Əfəndizadə atdı. Onun ilk imzası 1903-cü ildə “Şərqi-Rus” qəzetində göründü. Bu istedadlı qadını ilk olaraq qəzetin əməkdaşları təbrik etdilər. Qəzetin elə həmin nömrəsində dərc edilmiş “İdarədən” adlı yazıda deyilirdi: “Şəfiqə xanımın təbrik məktubu hamını valeh etmiş, sevindirmişdir. Əgər o biri qadınlarımız da onun kimi olsaydılar, millətimiz irəli gedərdi. Şəfiqə xanımın məktubu bizə yeni fikir, yeni duyğu gətirir…”.
Şəfiqə xanım Əfəndizadənin mədəniyyətə, maarifə səsləyən məqalələri, hekayələri “Dəbistan”, “Məktəb”, “Dirilik” jurnallarında, “Açıq söz”, “Azərbaycan” və b. qəzetlərdə də dərc edildi.
Çox keçmədi ki, 1911-ci ildə Azərbaycanın mətbuat aləminə “İşıq” adlı bir jurnal da daxil oldu. “İşıq”ın dünya işığına çıxması tərəqqipərvər adamları, xüsusilə qadınları çox sevindirdi. Azərbaycanın ziyalı qadınları öz təbriklərini, məqalələrini, şeirlərini bu ilk qadın jurnalına göndərdilər. Həlimə xanım Axundova “Övrət millət anasıdır” adlı məqalə ilə çıxış edib cəhalətpərəstləri mədəniyyətin və elmin düşməni adlandırırdı. O, deyirdi: “İndi başqa zamandır. Bütün millətlər günü-gündən tərəqqi edir, elm və maarif yolunda çalışırlar. Amma biz!..”.
Münəvvər xanım Əlixanova yazırdı: “Əgər biz öz hüquqlarımıza malik olmaq istəyiriksə, lazım və vacibdir ki, qeyrət edərək ciddi bir surətdə müttəfiq… olub əməl və arzularımızı kəndi əql və fərasətimizi ələ gətirək…”. “Bizə elm ilə bərabər, azadəlik də vacibdir”.
Maarifi, mədəniyyəti yaymağı qarşısına məqsəd qoyan “İşıq” jurnalı ətrafında onlarca ziyalı qadın toplaşmışdı. Gəncədən Asiya Axundzadə, Xuraman Rəhibəyzadə, Şəkidən Maral Nəbizadə, Şamaxıdan Gövhər Şövqiyyə, Bakıdan Səidə Şeyxzadə, Nabat Nərimanova “İşıq”ın ən fəal müəllifləri idilər.
Jurnalın redaktoru Xədicə xanın Əlibəyova (1884–1958) ömür yoldaşı, hüquqşünas Mustafa bəylə birlikdə jurnalın nəşrində böyük səy göstərmişlər. Burada onların qadın hüquqlarına dair maraqlı məqalələri dərc olunmuşdur.
“İşıq” cəmi iki ilə yaxın ömür sürdü. Lakin onun sorağı, sədası az vaxtda bütün ölkəyə yayıldı. Öz işıqlı fikirləri ilə Azərbaycan qadınlarına maarifin, mədəniyyətin əhəmiyyətini başa saldı. Qadınlar arasından ilk müxbirlərin, şairlərin yetişməsinə, dövri mətbuatımıza qədəm qoymalarına yol açdı.
Əgər XIX əsrin axırlarında qadın azadlığı, qadın hüququ haqqında maarifpərvər ziyalılar danışırdılarsa, XX əsrin ilk illərində Azərbaycanın az-çox təhsil görmüş xanımlarının da kişilərlə birlikdə səsləri eşidilməyə başlamışdı. Nəşrləri günü-gündən artan milli mətbuatımızın səhifələrində get-gedə qadın imzaları görünürdü. Qadın müəllimlərin, qız məktəblərinin və şagirdlərin sayı getdikcə çoxalırdı. Azərbaycan qadınları mütəfəkkir ziyalılarımız – H.B.Zərdabinin, C.Məmmədquluzadənin, Ə.B.Hüseynzadənin, Ə.B.Ağayevin, Ə.B.Topçubaşovun, N.Nərimanovun, M.Ə.Rəsulzadənin, H.B.Ağayevin, H.Cavidin milli qüruru gücləndirən fikirlərini, ideyalarını getdikcə mənimsəyib, həmrəy olub mübarizə yoluna qədəm qoyurdular. Maarif, mədəniyyət, incəsənət sahələrində fəallıq göstərir, qadın azadlığı, qadın hüququ uğrunda haqq səsini qaldırırdılar. Ziyalı, xanım-xatın analarımız istiqlal yolunda ömür və əməl yoldaşlarının azadlıq və müstəqillik uğrunda mübarizəsinə qoşulurdular. Bu müqəddəs işdə ilk publisist qadın Şəfiqə Əfəndizadə, görkəmli maarif xadimləri Hənifə Məlikova, Mədinə Qiyasbəyli, Xədicə Ağayeva, Məryəm Bayraməlibəyova, Nigar Şıxlinskaya, Eynülhəyat Baişova, Ümgülsüm Sadıqzadə, Səlimə Yaqubova, Qeysər Kaşıyeva, Xədicə Qayıbova və b. əsl fədakarlıq göstərmişlər. Bu azadlıq carçılarının çoxu 30-cu illərin repressiyasının qurbanı olmuşdur.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir