
Azərbaycanın ilk qadın dramaturqu, ilk qadın romançı, rejissor, maarifçi, pedaqoq – Səkinə Axundzadə olub.
Səkinə xanım bu adı asanlıqla qazanmayıb. Onun bu maarifçi fəaliyyətinə görə həyat yoldaşı Talıb, Qubanın Amsar kəndindən olan qaçaq Alı tərəfindən qətlə yetirilir. Qızı ilə tək qalan Səkinə xanımı yenə rahat buraxmırlar. Cəmiyyət dul qadının adına söz çıxarır, ona mənəvi təzyiqlər edirdilər. Bu təzyiqlərə tab gətirə bilməyən Səkinə xanım Qubada rus dili müəllimi işləyən Məhəmməd Ağabəyovla ikinci dəfə ailə həyatı qurur. Onların bu evlilikdən oğlu Yusif Ağabəyov dünyaya gəlir. Səkinə xanım övladlarının təhsilinə xüsusi diqqət yetirirdi. Zaman keçir, Yusif Ağabəyov dövrünün tanınmış ziyalısı, elm adamı kimi tanınır. 1937-ci ilədək Gəncə Dövlət Universitetinin dosenti olur. Onun azad düşüncələri, açıq fikirli olmağı sovet rejimini narahat edir. Buna görə 1937-ci ildə repressiya olunub, güllələnir.
Səkinə xanım ilk təhsilini Qubada atasından almışdı. Onun atası şair idi. Atasından ərəb-fars dillərini, ədəbiyyatı öyrənir, incəsənətə böyük marağı yaranır. Elə bu sevgi onun adını tarixə yazdırır. Səkinə xanım böyüyüb öz evini məktəbə çevirir, evində qızlara pulsuz təhsil verir, məqalələr yazırdı. Həyatının çətin dövründə H.Z.Tağıyevin qız məktəbinə müəllim işləmək dəvəti gəlir, Səkinə xanım təklifi qəbul edir. Səkinə xanım qız məktəbində fəaliyyətə başladığı dövrdə məktəbdə həm də tamaşalar hazırlayır. Dövrünün nadanları, valideynlər onun üzərinə hücum çəkir, teatra qarşı çıxırdılar. Amma o bütün bunlara baxmayaraq, yorulmur, öz yolundan dönmürdü. Əvvəlcə “Elmin mənfəəti”, sonra isə “Haqq söz acı olar” pyeslərini yazır. Hər iki əsərin rejissoru özü olur. Səkinə xanım təkcə müəllim və dramaturq deyildi, eyni zamanda tərcümələri ilə də diqqət çəkirdi.
Səkinə Axundzadə həm də ilk roman yazan qadın idi. “Şahzadə Əbülfəz və Rəna xanım” romanında yenə də qadınların təhsil almasından, qadın azadlığından danışırdı. Eyni zamanda 1922-1923-cü illərdə işıq üzü görən “Yeni türk əlifbası”nın müəlliflərindən biri idi.
Ömrü boyu aldığı zərbələr onun həyatında dərin iz buraxır. Gənc yaşlarından astma xəstəliyindən əziyyət çəkən Səkinə xanımın səhhəti günü-gündən pisləşir. O 1927-ci ildə Bakıda vəfat edir, Bibiheybətdə dəfn olunur. Səkinə xanım vəfat etdikdən sonra onun qardaşı qızı, Azərbaycanın ilk qadın rəssamlarından olan Reyhan Topçubaşova repressiyadan qorxub Səkinə xanımın əlyazmalarını yandırır. Beləcə ilk qadın dramaturqumuzun əsərlərini oxumaq xoşbəxtliyini itirmişik. Səkinə xanımın yaradıcılığından geriyə tamaşa afişaları qalıb. Hətta ehtimal olunur ki, Məcid Şamxalov məşhur “Qaynana” filminin ssenarisini Səkinə Axundzadənin müəllifi olduğu “Gəlin və qaynana” pyesi əsasında yazıb. Bunu Səkinə Axundzadənin yaxınları iddia edirlər. Bəs Məcid Şamxalov Səkinə Axundzadənin pyesini harada və nə vaxt oxumuşdu ? Yaxud tamaşasına baxmışdımı ?
Bu isə başqa araşdırmanın mövzusudur.
MUASİRMEDİA.AZ
Cümhuriyyətə işıq saçan qadınlar (Araşdırma Yazılar Toplusu)
Cavid Zeynallı – yazıçı-jurnalist
Hazırladı: Ensiklopediya
