Azərbaycan və sovet bəstəkarı, Azərbaycan SSR Əməkdar İncəsənət xadimi, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri Zülfüqar Hacıbəylinin doğum günüdür.
O, Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atası olmuşdur.
Hörmətlə xatırlayaq.
Zülfüqar Hacıbəyli 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub.
Kiçik qardaşları Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəylinin incəsənətdə formalaşmasında onun çox böyük rolu olmuşdur. Zülfüqar Hacıbəylinin təsir göstərdiyi digər sənətkarlar arasında Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski var.
O, 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat etmişdir.
İlk Azərbaycan operettası – «50 yaşında cavan» əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olmuşdur. Sonralar operetta Bakıda, Naxçıvanda,
İrəvanda və Şuşada göstərilmişdir.
Zülfüqar Hacıbəylinin əsərləri Azərbaycanın musiqi sənətində mühüm rol oynamışdır. Azərbaycan bəstəkarlarının yaradıcılığına yeni bir cərəyan gətirən “Aşıq Qərib” operasında xalq rəvayətindən istifadə olunmuşdur. O, 1917-ci ildə «Üç aşiq və ya Məlikməmməd» adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmamışdır.
XX əsrin birinci rübündə məşhurlaşan «Kənd qızı», «Çoban qız» və «Əsgər nəğməsi» bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.
Zülfüqar Hacıbəyli 1932-ci ildə «Kölə qadınların rəqsi» adlı simfonik pyes bəstələmişdir. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaratmışdır. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – “Almaz”a musiqi yazmışdır. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olmuşdur.

