Yardımlı rayonunda ilk savad kursu müəllimlərindən biri Müslüm Yaqub oğlu Əliyev olub.
O, 1909-cu ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur. 1929-cu ildə Yardımlıda savad kursu müəllimləri hazırlayan kursu bitirmişdir. 1930–1932-ci illərdə əvvəlcə mövsümi savad kurslarında, daha sonra isə gənclər məktəbində müəllim işləmişdir. Həmin dövrdə belə müəllimlərə “Zərbəçi maarifçinin kitabçası” adlı sənəd verilirdi. Bu sənəd Müslüm müəllimə pedaqoji fəaliyyətlə məşğul olmaq imkanı yaratmışdır.
1933–1938-ci illərdə Yardımlı Rayon Xalq Maarif Şöbəsində gənclər məktəbləri üzrə metodist-inspektor vəzifəsində çalışan Müslüm Əliyev 1938/39, 1939/40 və 1940/41-ci tədris illərində Qarovuldaş məktəbində müəllim işləmişdir. Sonralar bir neçə il pedaqoji fəaliyyətdən uzaq qalmışdır.
1949–1950-ci illərdə yenidən pedaqoji fəaliyyətə qayıdaraq rayonun Avaş, Zevin, Gilar və Mamulğan kəndlərində müəllimlik etmişdir. O, qiyabi yolla Lənkəran Pedaqoji Məktəbini bitirmişdir.
1961-ci ildən 1970-ci ilədək Kürəkçi orta məktəbində sinif müəllimi kimi çalışmış, 1970-ci ildə təqaüdə çıxmışdır. 1973-cü ildə doğma Kürəkçi kəndində vəfat etmişdir.
Müslüm müəllim metodist-inspektor işlədiyi dövrdə kəndləri atla gəzərək gənclərlə aparılan işlərlə və savad kurslarının vəziyyəti ilə yerində tanış olur, müəllimlərə metodik tövsiyələr verərək onlara kömək göstərirdi. O, bu işi özünün vəzifə borcu hesab edirdi.
Müslüm müəllim böyük ailə sahibi olmuşdur. O, 5 oğul və 3 qız övladı böyütmüşdür.

muasirmedia.az
