Ağdam rayonunda aparılan qazıntı işləri zamanı qeyri-adi hadisə baş verib.
Ekskavatorun torpaq qazıntısı apardığı ərazidə çoxsaylı ilanlar üzə çıxıb. Hadisə yerində olan şəxslər ilan sürüsünü mobil telefonla lentə alaraq görüntüləri sosial şəbəkələrdə paylaşıblar. Yayılan videogörüntülərdə qazıntı zamanı torpağın altından eyni anda çoxlu sayda ilanın çıxdığı görünür. Bu hal sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Bəzi vətəndaşlar ilanların ərazidə aparılan tikinti və torpaq işləri nəticəsində yuvalarından çıxdığını ehtimal edirlər. Mütəxəssislərin sözlərinə görə, isti yay aylarında və yaşayış mühitinin pozulması zamanı ilanların kütləvi şəkildə görünməsi mümkündür. Xüsusilə torpaq qatının qazılması onların gizləndikləri yuvaların açılmasına səbəb ola bilər. Hadisə ilə bağlı hər hansı xəsarət alanın olduğu barədə rəsmi məlumat yayılmayıb. Vətəndaşlara ilanlarla rastlaşdıqları halda onlara yaxınlaşmamaq, müdaxilə etməmək və aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunur.
MUASİRMEDİA.AZ
