“Siyavuş Kərimi yaradıcılıq studiyası təqdim edir” layihəsinin ilk konserti keçirilib

Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, bəstəkar Siyavuş Kəriminin rəhbərlik etdiyi yaradıcılıq studiyasının yeni layihəsi çərçivəsində konsert keçirilib. Layihənin ilk konsertində gənc, lakin artıq öz dəst-xətti ilə seçilən müğənni İlahə Murad çıxış edib.
Konsert proqramı həm Azərbaycan xalq mahnılarını, həm də görkəmli bəstəkarların əsərlərini əhatə edib. İfaçı klassik nümunələri müasir səsləndirmə və orijinal yanaşma ilə təqdim edərək dinləyicilərə fərqli musiqi təcrübəsi yaşadıb. Muğam və müxtəlif janrların sintezi səhnədə ahəngdar şəkildə səslənib.
Gecədə İlahə Murad fortepiano və milli üçlüyün- tar, kamança və nağara müşayiəti ilə çıxış edib. Milli üçlüyün canlı müşayiəti konsertə xüsusi kolorit qatıb.
Konsertdən əvvəl Xalq artisti Siyavuş Kərimi səhnəyə çıxaraq layihənin məqsədi və konsepsiyası haqqında fikirlərini bölüşüb. O bildirib ki, layihə gənc istedadların üzə çıxarılması, milli musiqi ənənələrinin müasir formada təbliğinə xidmət edir. “Bizim məqsədimiz muğamı və bəstəkar musiqimizi yeni nəslə yeni nəfəslə çatdırmaqdır”, – deyə bəstəkar vurğulayıb.
Musiqisevərlər tərəfindən böyük maraqla qarşılanan layihə çərçivəsində gələcəkdə digər gənc ifaçıların da solo konsertlərinin keçirilməsi planlaşdırılır.MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir